...

Prezident Ərdoğanın Azərbaycana dövlət səfəri ölkələrimizin daha möhtəşəm gələcəyə birgə addımlamasının göstəricisidir - Sahil Kərimli

Siyasət Materials 13 İyun 2023 13:38 (UTC +04:00)
Prezident Ərdoğanın Azərbaycana dövlət səfəri ölkələrimizin daha möhtəşəm gələcəyə birgə addımlamasının göstəricisidir - Sahil Kərimli

Bakı. Trend:

Azərbaycanla Türkiyə Türk dünyası üçün şanlı tarix yazmaqda davam edir və bu möhtəşəm qardaşlıq əlaqələri bütün dünya üçün bir nümunədir. Əlbəttə ki, bizi ortaq tarixi köklər, qədim ənənələr bağlayır. Amma son illərdə Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırıb.

Trend xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli söyləyib.

Onun sözlərinə görə, bu gün haqlı olaraq deyə bilərik ki, dünyada Türkiyə və Azərbaycan kimi yaxın olan ikinci bir ölkə tapmaq bəlkə də mümkün deyil. Çünki Türkiyə və Azərbaycanı hansısa ortaq maraqlar, təmənnalar, siyasi və iqtisadi dividentlər deyil, səmimi qardaşlıq bağları birləşdirir. Bu səbəbdən də ölkələrimiz arasındakı birlik durmadan möhkəmlənir və bu, münasibətlərimizi daimi və əbədi edir.

“Xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək, Rəcəb Tayyib Ərdoğanın ölkəmizin haqlı mövqeyini beynəlxalq səviyyədə müdafiə etməsi Qarabağ Zəfərinə əvəzsiz töhfə oldu. Bu dəstək təkcə Azərbaycana deyil, bütün Türk dünyasına idi. Çünki Qarabağ Zəfəri bütün Türk dünyasının Qələbəsidir. Türkiyə ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi də dünyada bənzəri olmayan sənəddir. Hər iki ölkə bu Bəyannaməyə imza atmaqla dostluğun və qardaşlığın necə yüksəklərə ucaldığını bütün dünyaya nümayiş etdirdi. Şuşa bəyannaməsi bölgəmizdə yaranan yeni reallıqların və geostrateji münasibətlərin təzahürüdür. Azərbaycanla Türkiyə tarixən sübut edib ki, xoş gündə də, çətin gündə də bir-birinin yanındadır. Bu ilin fevralında Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması, zərərçəkənlərə yardımların göstərilməsi istiqamətində Azərbaycanın verdiyi hərtərəfli dəstək bu baxımdan xüsusi vurğulanmalıdır”, - deyə S.Kərimli qeyd edib.

Siyasi şərhçi diqqətə çatdırıb ki, R.T.Ərdoğanın növbəti dəfə Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərini Azərbaycana etməsi, onun yüksək mehribanlıq və səmimiyyətlə qarşılanması, keçiriləcək görüşlər, əldə ediləcək yeni razılaşmalar çox böyük əhəmiyyətə malikdir.

“Əminliklə demək olar ki, tarixə əbədi dostluq və qardaşlıq münasibətləri kimi düşən Türkiyə-Azərbaycan əlaqələri daha möhtəşəm gələcəyə doğru irəliləyir”, - deyə Sahil Kərimli vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti