...

Azərbaycan polisi ictimai asayişin qorunmasında xidməti borcunu peşəkarlıqla yerinə yetirir - Sevinc Hüseynova

Siyasət Materials 2 İyul 2023 13:02 (UTC +04:00)

Bakı. Trend:

Bu gün yaradılmasının 105-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan polisi ölkənin sabitliyi, vətəndaşların təhlükəsizliyi üçün böyük fədakarlıq nümayiş etdirir və bu, ölkə ictimaiyyəti tərəfindən təqdir edilir. Azərbaycan polisi həm 1918-1920-ci illərdə ilk müstəqil dövlətimizin fəaliyyətinin təhlükəsizlyinin təmin edilməsində, həm Sovetlər dönəmndə öz üzərinə düşən vəzifəni layiqində yerinə yetirib. 1991-ci ildə ölkəmiz ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra polisimiz qarşısında daha çətin və məsuliyyətli vəzifələr dayanırdı. Polisimiz bütün bu vəzifələrin öhdəsindən yüksək peşəkarlıqla gəlməyi bacardı.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın daxili işlər orqanları həm müstəqlliyimizin qorunmasında, həm də erməni təcavüzünə qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirib.

“Ermənistanın hərbi təcavüzünə milli müqaviməti də ilk olaraq məhz polis orqanları təşkil ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə də daxili işlər orqanlarının əməkdaşları ön xəttə mübarizə aparıblar. Bu ağır döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyəti 1695 şəhid verib, 1710 əməkdaşı isə yaralanıb.

Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakmiyyətə qayıtdıqdan sonra Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti daim diqqətdə saxlanılıb. Ümummilli liderin hakimiyyətə qayıdışından sonra hüquq-mühafizə orqanlarının, xüsusilə DİN-in qanunauyğun fəaliyyətini təmin etmək, peşəkar kadrları bu orqanda irəliyə çəkməklə onu xalqın və dövlətin layiqli müdafiəçisinə çevirmək istiqamətində lazımi tədbirlər həyata keçirildi. Bu tədbirlərdən biri də Ümummilli liderin ölkədə hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində 9 avqust 1994-cü il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" fərman oldu. Həmin fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirildi, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirildi.

Heydər Əliyevin imzaladığı bu fərmanla ölkədə mütəşəkkil cinayətkarlıqla mübarizənin başlanğıcı qoyuldu, yüzlərlə mütəşəkkil cinayətkar qrup və dəstə ləğv edildi. Bununla yanaşı 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlərin qarşısının qanun çərçivəsində alınmasında da daxili işlər orqanları qətiyyətli mövqe nümayiş etdirərək üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Azərbaycan polisi bu çətin sınaqlardan üzüağ çıxmağı bacardı.

1998-ci ildə Ümummilli Liderin imzaladığı fərmanla 2 iyul Azərbaycan Polis Günü elan edildi”, - deyə deputat bildirib.
S.Hüseynova vurğulayıb ki, sonrakı dövrdə Prezident İlham Əliyev daim Azərbaycan Polisinin texniki təchizatının, sosial təminatının yaxşılaşdırılmasını diqqətdə saxlayıb, bu istiqamətdə müvafiq addımlar atılıb.

“Bunun nəticəsi idi ki, həm koronavirus pandemiyası dönəmində, həm də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdi. Vətən müharibəsində Daxili Qoşunların 66 əməkdaşı şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Onların bu şücaəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb”, - deyə deputat əlavə edib.

S.Hüseynova qeyd edib ki, bu gün Azərbaycan polisi ictimai asayişin qorunmasında, vətəndaşların təhlükəsizliyinin təmin olunmasında öz xidməti borcunu böyük əzmlə və peşəkarlıqla yerinə yetirir.

“Bu gün qlobal kataklizmlərin cövlan etdiyi dünyamızda sabitliyin qorunması olduqca vacib və çətin məsələlərdəndir. Azərbaycanın hüquq-mühafizə orqanları birmənalı şəkildə ölkəmizdə baş verə biləcək hər hansı bir təhlükənin qarşısını vaxtında və peşəkar şəkildə alır. Bunun nəticəsidir ki, olduqca vacib və həssas bir regionda yerləşən Azərbaycan dünyaya sabitlik və tolerantlıq nümunəsi təqdim edir. Ən əsası isə, polis orqanlarının fəaliyyəti ildən-ilə təkmilləşdirilir, onların fəaliyyətində səmərəliliyin artırılması yönündə işlər aparılır. Artıq uzun müddətdir daxili işlər orqanlarında peşəkarlığın artırılması və gənc kadrların hazırlığı istiqamətində də ardıcıl tədbirlər reallaşdırılır. Bu gün ictimai asayişi, vətəndaşların təhlükəsizliyini lazımi səviyyədə qoruyan, insanların qanuna uyğun davranışını təmin edən polis orqanlarının fəaliyyəti ən yüksək qiymətə layiqdir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti