Bakı. Trend:
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) kimi təşkilatlar Azərbaycana qarşı kiminsə əlində oyuncağa çevrilirlər və beləliklə, onların fəaliyyəti yararsz və gərəksiz olur.
Bu barədə Trend-in suallarını cavablandırarkən politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, Azərbaycanın əleyhinə çıxış edən siyasi qurumlarun, təşkilatların, siyasətçilərin təsiri nəticəsində bəzi beynəlxalq təşkilatlar, demək olar ki, Azərbaycana qarşı qərəzli mövqedə dayanırlar.
"Təəssüflər olsun ki, illərdir Azərbaycana qarşı qərəzli yanaşma mənzərəsi dəyişilmir. Biz bunu 44 günlük müharibə dövründə, ondan əvvəl və sonra da görürük. Bu, bizim üçün təəccüblü deyil. Əgər bu belədirsə, bu cür qərəzli mövqe sərgiləyirlərsə, o zaman bizim o təşkilatlarla əməkdaşlıq etməyimiz nəyə gərəkdir?
Təəssüflər olsun ki, bu acınacaqlı hal geniş şəkildə müzakirə olunmur. Mütəşəkkil qaydada bu cür qərəzli yanaşmaya məruz qalan digər ölkələrlə birgə fəaliyyət göstərməli, həmin təşkilatlara BMT səviyyəsində təzyiq göstərilməsinə nail olmalıyıq. Bu təşkilatlar Azərbaycana qarşı kiminsə əlində alətə çevrilirlər və beləliklə, onların fəaliyyəti yararsız və gərəksiz olur", - deyə politoloq əlavə edib.
Qeyd edək ki, 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günündə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hazırlanan hesabatda itkin düşən azərbaycanlılarla bağlı məlumatların əldə edilməsi məqsədilə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıqda bir çox işlər görülsə də, gözlənilən nəticənin əldə edilmədiyi vurğulanıb.