Bakı. Trend:
Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
Trend xəbər verir ki, bu barədə MN məlumat yayıb.
"Belə ki, qeyri-qanuni erməni silahlı dəstələri itin üzərinə
uzaqdan idarə olunan əldəqayırma (improvizə edilmiş) partlayıcı
qurğu bağlayaraq mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur
ediblər.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində erməni silahlılarının
terror-təxribat əməlinin miqyasını böyütmək və şəxsi heyətə daha
çox xəsarət yetirmək məqsədilə mövqelərimizə daxil olan itin
üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin
qarşısı alınıb.
Bu təxribatı Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa
və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin
və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya
məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə
pisləyirik.
Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız
hərəkətdir və bunu terror aktı kimi qiymətləndiririk", məlumatda
deyilir.