Qarabağlı ermənilərin Azərbaycana reinteqrasiyası prosesi sürətlə davam edir. Yevlaxdakı görüşdən sonra Xocalıda keçirilmiş müzakirələr və danışıqlarda prosesin bundan sonrakı məcrası, görüləcək işlər bəlirlənib.
Bu arada İrəvandakı “Hraparak” nəşri yazıb ki, Yevlax görüşündə Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri tələb ediblər ki, Xankəndidə bütün "dövlət strukturlarının və qurumlarının" ləğvi barədə elan verməlidir, bütün binalarında olan "bayraqlar" Azərbaycan bayrağı ilə əvəzlənməlidir. Bundan sonra isə inteqrasiya başlamalıdır.
Ermənilərin iddiaları təbii ki, onların Azərbaycana qarşı apardıqları dezinformasiya, yalan və propaqandadan ibarət hibrid savaşın tərkib hissəsidir. Fəqət, yalanlarla yanaşı, az miqdarda gerçək məlumatı yaymaq məcburiyyətində olan İrəvan mediası bir məqamda dürüst davranır: qarabağlı ermənilərinin separatizminin sonu çatıb.
Artıq nə status, nə millətin öz müqəddəratını təyin etmək hüququ, nə mifik Böyük Ermənistan idefiksləri aktual deyil.
Onların hamısı tarixə qovuşublar - bir zamanlar bolşeviklərin Azərbaycanın əzəli və tarixi torpaqlarında yaratdıqları Ermənistan dövlətinin özünəinamı kimi.
Qarabağlı ermənilərin reinteqrasiyasının qısa müddətdə başa çatacağını düşünmək sadəlövhlük olardı.
Bu prosesə mane olmaq istəyənlər çoxdur və onların sayı daha da artacaq.
Ermənistanı və erməni diasporunu öz merkantil maraqlarının reallaşması üçün dəstəkləyən bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, siyasətçilər və xüsusilə də son günlərdə aktivləşmiş “vasitəçilik istəkli müstəqil strukturlar” bu sahədə destruktiv fəaliyyətlərini davam etdirəcəklər.
Azərbaycanın hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdəki qarabağlı erməni separatçılarından və Ermənistan Müdafiə Nazirliyinin hərbçilərindən ibarət silahlı dəstələrə qarşı keçirdiyi lokal antiterror tədbirləri uğurla başa çatandan dərhal sonra tərksilah prosesi başlanıb.
Kapitulyasiya etmiş separatçılar silahları, hərbi texnikanı və hərbi vasitələri təhvil verirlər.
Lakin sakitləşmək və sayıqlığı əldən vermək olmaz. Çünki onillər boyu separatizm xəstəliyinə mübtəla olmuş bir ərazidəki sakinlərin kütləvi şəkildə silahları təhvil verərək könüllü tərksilahz olacaqlarını düşünməməliyik. Qarabağlı ermənilər arasında xeyli şəxs var ki, evlərində odlu silahlar, hətta mini cəbbəxanalar saxlayırlar.
Onların arasında daşnak ideyalarına, mənhus hayizm xəstəliyinə sadiqlər də mövcuddur və bu şəxslər reinteqrasiya prosesinə maneələr yaratmağa çalışmaqla yanaşı, hərbçilərimizə, polislərimizə və işğaldan azad edilmiş ərazilərdə çalışan vətəndaşlarımıxza qarşı terror aktları ilə diversiyalar törətməyə cəhd göstərə bilərlər.
Lakin qarabağlı erməni separatçıları bilməlidir ki, tərksilah olmayan, qanunsuz odlu silah saxlayan istənilən şəxs legitim hərbi hədəf sayılırlar.
Xankəndinin elektroenerji təminatının “Azərişıq” tərəfindən həyata keçirilməyə başlaması isə reinteqrasiya istiqamətində atılmış ciddi və konstruktiv addımlardan sayıla bilər.
Xankəndindəki xuntanın, Ermənistanın siyasi elitalarının və dünyanın müxtəlif ölkələrindəki erməni diaspor təşkilatları ilə ermənilərə havadarlıq edən bütün şəxslərin cəhdlərinə rəğmən, Azərbaycan öz ərazisində separatizmin kökünü kəsməkdədir, kəsəcək də.
Hazırda RSK-nın müvəqqəti nəzarət arealında az qala xaos hökm sürür. Minlərlə qarabağlı erməni reinteqrasiya planını qəbul etməyərək Ermənistana yollanırlar. Eyni zamanda, qarabağlı ermənilərin çoxu Azərbaycanda qalmaq, ölkəmizin vətəndaşı olmaq və onilliklərlə davam edən səfalətdən sonra normal yaşamaq niyyətindədir.
Hazırda rəsmi Bakı üçün prioritet məsələ erməni separatçılarının silahlı dəstələrinin tərksilah edilməsidir ki, bu istiqamətdə genişmiqyaslı əməliyyatlar aparılır. Bununla eyni zamanda, paralel olaraq qarabağlı ermənilərin humanitar ehtiyaclarının təminatı məsələsi də çözülməlidir.
Lakin danılmaz həqiqət var: Sovetlər Birliyi dağılandan sonra, postsovet məkanında «ən qədim» münaqişə artıq həll olundu. Postsovet məkanı ölkələri arasında Azərbaycan ilk və yeganə dövlətdir ki, ərazisindəki separatizm yuvasını kapitulyasiyaya vadar etməyi bacardı.
Qarabağlı ermənilər çox gec olsa da, artıq anlamalıdırlar ki, onillərdən bəri erməni siyasət fırıldaqçılarının, hakimiyyət hərislərinin əlində oyuncaq olublar, böyük dövlətlərin öz maraqlarını təmin etmələri istiqamətində marionetkaya çevriliblər.
Azərbaycanlıların qarabağlı ermənilərə qarşı qəddar davranacaqları, etnik təmizləmə siyasəti yürüdəcəkləri və s. kimi absurd ittihamlara son günlərdəki hadisələr ən konkret, effektiv cavabdır.
Xankəndi yaxınlığındakı yanacaq anbarındakı partlayış və yanğında xəsarət almış qarabağlı ermənilərə təcili tibbi yardımların göstərilməsinə hazır olması barədə rəsmi Bakının açıqlaması; Xankəndinə 74 ton yanacaq göndərilməsi, Azərbaycanı tərk edərək Ermənistana yollanan qarabağlı ermənilərə azərbaycanlı polislərin və hərbçilərin yardım etmələri - bu, önəmli hadisələrdir.
Ermənistana üz tutan qarabağlı ermənilərin əksəriyyəti sonradan geri qayıtmaq istəyirlər.
Onların telekameralar qarşısında açıqlamaları da buna dəlalət edir.
Kollektiv Qərb adlandırılan, lakin homogen olmayan və Cənubi Qafqazla bağlı hər birinin konkret maraqları olan dövlətlərdən ibarət sistem isə qarabağlı ermənilərlə bağlı çoxsaylı bəyanatlar verməsinə rəğmən, beynəlxalq hüququn prinsipləri ilə normalarına zahirən olsa belə, sayğı ilə yanaşmaq məcburiyyətindədir.
Qarabağlı ermənilərin yaşamlarında ciddi dəyişiklik dönəmi başlayır. Xankəndindəki xuntanın tamamən tarixə qovuşacağı günə də az qalıb. Hazırda RSK-nın nəzarətində olan ərazilərdəki separatçı dəstələrin tərksilahı başa çatandan sonra reinteqrasiya prosesi daha da sürətlənəcək.
Bu, qaçılmaz prosesdir və Azərbaycanın mərkəzi hakimiyyəti bütün Qarabağ üzərində nəzarətini daha da səbatlı edəcək.