...

Azərbaycanın Qarabağ üzərində suverenliyinin bərpası qaçılmaz idi - Amerikalı analitik ermənipərəst açıqlamalara cavab verdi

Siyasət Materials 28 Sentyabr 2023 12:42 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2020-ci il noyabr müharibəsində qələbə qazandığı andan ölkənin Qarabağ üzərində suverenliyinin bərpası qaçılmaz idi.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin ən böyük beyin mərkəzlərindən biri olan Hadson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran özünün "X" (keçmiş Tvitter) sosial şəbəkə səhifəsində yazıb.

"Beynəlxalq hüquq, əsas oyunçular [ABŞ, Rusiya, Türkiyə] Qarabağı Azərbaycanın ərazisi olaraq qəbul edirlər. Bakının vəziyyəti nəzarətə götürməsi sadəcə zaman məsələsi idi", - deyə o qeyd edir.

İran əsilli amerikalı şərhçi və redaktor Söhrab Ahmarinin Azərbaycanın "etnik təmizləmə" yolu ilə guya erməniləri Qarabağdan "sıxışdırıb çıxardığı"na dair iddialarına rəy bildirən Maykl Doran yazır ki, bunu sübut edən fakt yoxdur.

"Bu, ermənilərin könüllü seçimidir, etnik təmizləmə deyil. Etnik təmizləmə ermənilərin 1-ci Qarabağ müharibəsində uşaqları və qocaları öldürmələridir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.

Xatırladaq ki, 2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib. Konstruktiv mühitdə keçən görüşdə sentyabrın 21-də Yevlax şəhərində müzakirə edilmiş məsələlərin həlli istiqamətində atılan addımlardan, xüsusilə qısa müddətdə humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpasından razılıq ifadə olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti