Bakı. Trend:
Yeni Rəqabət Məcəlləsinin qüvvəyə minməsi ilə üç qanun ləğv
ediləcək.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqabət Məcəlləsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.
O bildirib ki, Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsinin qüvvəyə minməsi ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız Rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlar ləğv olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin
qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi
sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin
layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı,
biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın
təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə
sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi
əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda
istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin
keyfiyyətinin daha da artırılmasını hədəfləyir.