Bakı. Trend:
Biz Azərbaycanın ərazi bütövlüyünü hər cür təxribatlara qarşı müdafiə etməyə davam edəcəyik.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə AK partiya sözçüsü Ömer Çelik öz rəsmi X (twitter) hesabında paylaşım edib.
“Los Ancelesdəki Yunus Emre İnstitutumuz tərəfindən təşkil edilən və Vaşinqton səfirimiz cənab Murat Mercanın iştirak etdiyi proqrama qarşı təxribatçı erməni qruplarının təcavüzkar cəhdini şiddətlə qınayırıq. Hadisə təkcə fikir və ifadə azadlığına qarşı çirkin müdaxilə cəhdi deyil, həm də bu qrupların aqressiyadan başqa fikirlərini ifadə etmək imkanlarının olmadığını göstərir” – deyə Çelik bildirib.
O qeyd edib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü hər cür təxribatlara qarşı müdafiə etməyə davam edəcək və Qafqazda sülh və sabitliyə sadiq qalacaq.
Xatırladaq ki, Los Ancelesdə Yunus Emre İnstitutu (YEE) və USC Annenberq Ünsiyyət və Jurnalistika Məktəbinin İctimai Diplomatiya Magistr Proqramının birgə sponsorluğu ilə keçirilən konfransda erməni radikal qrupları Türkiyə və Azərbaycan nümayəndə heyətlərinə şifahi və fiziki hücumlar edib.