Bakı. Trend:
İran Ermənistanda ABŞ ilə birgə hərbi təlimlərin keçirilməsindən narahat olduğunu ifadə edir.
Trend-in məlumatına görə, bunu İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri Ermənistanın Mili Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib.
M.Baqerinin sözlərinə görə, bölgədən kənar və yeni oyunçuların bölgədəki iştirakı mürəkkəbliyi və destabilliyi artırır.
Baqeri əlavə edib ki, bölgədə böhranın yaranması üçün heç bir səbəb yoxdur. Region ölkələri dialoqla məsələləri və problemləri həll etməlidirlər.
İranlı general deyib ki, regionda sülh bütün ölkələrin xeyrinədir və regionda təhlükəsizlik region ölkələri tərəfindən təmin olunmalıdır.
Qeyd edək ki, 11-20 sentyabrda Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin “Eagle Partner 2023” birgə hərbi təlimləri keçirilib.