...

Varşava konfransında Azərbaycan QHT nümayəndələrindən Ermənistana ÇAĞIRIŞ (VİDEO)

Siyasət Materials 11 Oktyabr 2023 17:25 (UTC +04:00)
Varşava konfransında Azərbaycan QHT nümayəndələrindən Ermənistana ÇAĞIRIŞ (VİDEO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Polşada ATƏT sədrinin çağırışı ilə İnsan ölçüsü üzrə Varşava Konfransı davam edir. Oktyabrın 11-də “Tolerantlıq və diskriminasiya əleyhinə” mövzusunda VII plenar sessiyada Qərbi Azərbaycan İcmasının təmsilçisi Pərvanə Vəliyeva, “Qarabağa Dönüş” İB-nin sədr müavini Gülməmməd Məmmədov çıxışlar ediblər.

Trend xəbər verir ki, onlar öz çıxışlarında Ermənistana çağırış edərək, Qərbi azərbaycanlıların öz evlərinə layiqli və dinc şəkildə qayıtmaq hüquqlarını tanımasını istəyiblər.

"Bu gün otuzdan çox etnik və milli azlıq, o cümlədən, mən Azərbaycanı öz evimiz adlandırırıq. Biz bərabərhüquqlu vətəndaşlar kimi sosial-iqtisadi və siyasi həyatda sərbəst iştirak edirik. Biz Azərbaycan mərkəzi hakimiyyətinin Qarabağın erməni əhalisi ilə dialoqunu alqışlayırıq. Bütün proseslər çərçivəsində Ermənistanı Qərbi azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu tanımağa çağırırıq", - deyə “Qarabağa Dönüş” İB-nin sədr müavini Gülməmməd Məmmədov bildirib.

Qərbi Azərbaycan İcmasının təmsilçisi Pərvanə Vəliyeva qeyd edib ki, təmsil etdiyi icma ATƏT-in milli azlıqlar sahəsində mövcud mexanizminin potensialını dəyərləndirir.

"Azərbaycanda etnik və milli azlıqlar Azərbaycan konstitusiyanına uyğun olaraq bərabərhüquqlu şəkildə yaşayır. Təəssüf ki, biz hələ də Ermənistanın etnik müxtəliflik və azlıqların hüquqları məsələsinə olduqca ruhdan salan münasibətini görürük. Ermənilərin bu hərəkəti beynəlxalq insan haqları sənədlərini açıq şəkildə pozur. Bizim problemimiz ərazi məsələsi deyil, insani hüquq məsələsidir. Biz istəyirik ki, Ermənistan bizim dinc və layiqli şəkildə geri qayıtmaq hüququmuzu tanısın", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti