...

İrəvan yeni məğlubiyyətə gedir

Siyasət Analytics 12 Oktyabr 2023 11:43 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Ermənistanla Fransanın gözləntilərinin tam əksinə olaraq Azərbaycanla İran arasındakı münasibətlərdə yeni mərhələ başlayır. Həmin mərhələ çərçivəsində Zəngəzur dəhlizi layihəsi də həllini tapa bilər

Tehranda səfirliyimizə edilən terror hücumu və vətəndaşlarımızın atəşə tutulmasından sonra Azərbaycanla İran arasındakı münasibətlərdə bəlli sərinlik yaranmışdı. Hər iki tərəfin diplomatları sərt bəyanatlar verir, cəmiyyətlər kəskin mövqe tutur, paytaxtlarda münasibətlərə yenidən baxış tələb olunurdu.

Cənubi Qafqaz regionunda vəziyyətin ifrat dərəcədə gərginləşməsini, yeni münaqişə ocağının yaranmasını, Azərbaycanla İran arasında qarşısıalınmaz sərinləşmənin və münasibətlərin pisləşməsini arzulayanlar hər iki tərəfi daha radikal addımlara təhrik edə biləcəklərini düşünürdülər.

Alınmadı, daha doğrusu, alına da bilməzdi.

Fitnə ssenarilərini reallaşdırmağa çalışanlar Azərbaycan hakimiyyətinin düşünülmüş, soyuqqanlı və rasional xarici siyasət yürütdüyünü, İran İslam Respublikasında isə azərbaycanlıların malik olduqları siyasi, hərbi, sosial, iqtisadi və s. təsir imkanlarını unutmuşdular.

Səfirliyimizə qanlı terror hücumundan xeyli zaman keçdi, rəsmi Tehran ölkəmizin sərt mövqeyini görərək olayı tam araşdırdı və sonda Bakı ilə münasibətlərit normallaşdırmaq niyyətində olduğunu bəlirləyərək problemlərin həlli istiqamətində ilk addımları atdı.

Şərqi Zəngəzur dəhlizi marşrutunun təməlinin Zəngilanda atılması mərasimi də bu normallaşma prosesinin aşkar təzahürü sayıla bilər.

Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək dəhliz Araz çayının şərq sahili ilə uzanacaq nəqliyyat kommunikasiyaları vasitəsilə reallaşacaq.

İranın yollar və şəhər inkişafı naziri Mehrdad Bəzrpaş ölkəmizdə rəsmi səfərdə oldu, başçılıq etdiyi nümayəndə heyətilə Zəngilana yollanldı, Azərbaycanın baş nazir müavini Şahin Mustafayevlə birlikdə yeni dəmiryol və avtomobil körpülərinrin təməlatma mərasimlərində iştitirak etdi.

Bu körpülər Horadiz-Ağbənd dəmir yolunu və Araz çayından keçəcək çoxzolaqlı avtomagistralı bəhs etdiyimiz marşrutun İrann ərazisindəki hissəsi ilə birləşdirəcək.

Şərqi Zəngəzur nəqliyyat dəhlizi ilə bağlı Bakı və Tehran arasında razılaşma hələ 2022-ci ilin mayında əldə olunsa da, ölkələrimiz arasındakı münasibətlərdə yaşanan məlum sərinləmə səbəbindən layihənin həyata keçirilməsi müvəqqəti olaraq təxirə düşmüşdü.

Fəqət indi situasiya dəyişib. Xankəndindəki xunta kapitulyasiya edəndən, qarabağlı ermənilərin silahlı dəstələri və Ermənistan Müdafiə Nazirliyinin rusiyalı sülhməramlıların nəzarət arealındakı birləşmələri tərksilah olaraq ölkəmizin ərazisini tərk edəndən sonra vəziyyət fərqlidir. Rəsmi Bakı ölkə ərazisinə bütünlə nəzarəti bərpa edib, suverenitetimiz Azərbaycanın hər kvadrat metrində mövcuddur. Bütün bunlardan sonra Bakı-Tehran münasibətlərinin normallaşması istiqamətində real addımların atılması başlandı.

Lakin bütün bunlar rəsmi Tehranın əvvəlki mövqelərindən geri çəkilməsi deyil. İran indi də Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsinə qarşı çıxır, bu layihənin “NATO üçün Cənubi Qafqazda plasdarm rolunu oynaya biləcəyi”ni bəyan edir. Tehran indi də bəyan edir ki, “Ermənistanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü onun üçün qırmızı cizgidir: ümumiyyətlə, İran Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinə qarşıdır” və s.

Amma Tehran sadalanan məqamlarla yanaşı, Azərbaycanın qərb bölgələrini Naxçıvan, daha sonra Türkiyə ilə birləşdirəcək marşrutun öz ərazisindən keçməsində maraqlıdır.

Rəsmi Bakı daim bildirir ki, Ermənistan ərazisindən nəqliyyat dəhlizinin keçməsi sırf iqtisadi layihədir, Azərbaycan qonşu dövlətin ərazisi ilə bağlı hansısa hərbi və ya militar planlara malik deyil.

Bakı və Ankara dəfələrlə bəyan ediblər ki, gəər Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsinə razılıq verməzsə, üstünlük İran ərazisindən keçəcək marşruta, yəni Şərqi Zəngəzur dəhlizinə veriləcək.

Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfovun Tehrana rəsmi səfər edərək danışıqlar aparmasından sonra isə İranla münasibətlərdə yeni mərhələ daha real təsir bağışlamağa başlayıb.

Şərqi Zəngəzur dəhlizinin gerçəkləşməsinə maneə yarada biləcək problemlər və nüanslar indi yoxdur. Tam əksinə, 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndini icra etmək istəməyən Ermənistanın Zəngəzur layihəsi dəhlizi ilə bağlı mövqeyinin nə zaman dəyişəcəyindən asılı olmayaraq Azərbaycanla İran Şərqi Zəngəzur dəhlizi ilə işlərə başlayıblar.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndində yazılıb: "Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək". Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin edəcəyi və hərəkətin maneəsiz (gömrük və vergi yoxlaması olmadan) olması ilə bağlı dəqiq və aydın izah var.

Təbii, İranla anlaşma heç bir halda Zəngəzur dəhlizi layihəsinin gündəmdən çıxarılması demək deyil.

Rusiya Federasiyası marşrutun məhz Ermənistan ərazisindən, Zəngəzurdan keçəcək variantının realaşmasını təkid edir.

Rusiyanın XİN başçısının müavini Mixail Qaluzin də açıqlama verərək bildirmişdi ki, “Zəngəzur dəhlizinin işə düşməsi bütün Cənubi Qafqaz bölgəsində vəziyyətin stabilləşməsi istiqamətində müstəsna önəmə malik amil olacaq”: “Biz Azərbaycanla Ermənistan arasındakı nəqliyyat kommunikasiyalarının yenidən işə başlamasının, xüsusilə də Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək Meğri dəhlizinin işə salınmasının mühümlüyünü bir daha vurğulayırıq”.

Şərqi Zəngəzur dəhlizi ilə bağlı Rusiya hələlik rəsmi mövqeyini açıqlamayıb və bu, Moskva üçün daha çox nəqliyyat dəhlizinin əvvəlki variantının, yəni Zəngəzur dəhlizinin mühüm olduğunu göstərir.

Səbəb bəsitdir: Şərqi Zəngəzur dəhlizindən fərqli olaraq, “ənənəvi” Zəngəzur dəhlizi üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq Rusiyanın birbaşa nəzarətində olacaq: sənəddə marşrutda təhlükəsizliyin Rusiyanın FTX-sı tərəfindən təminatı vurğulanıb.

Ermənistanın dəmiryolları şəbəkəsinin Rusiyanın mülkiyyəiti olduğunu da xatırlasaq, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsi istifadəyə verilərsə, marşrutun 44 kilometrlik həmin hissəsi Rusiyanın əmlakı sayılacaq.

M.Qaluzinin açıqlaması Ermənistan və İrana messic də sayıla bilər. Moskva açıq şəkildə nəzərə çatdırır ki, üçtərəfli bəyanatın 9-cu bəndinin yerinə yetirilməsi üçün İrəvana təzyiqlər göstərməyə davam edəcək. Səbəbsiz deyil ki, Rusiya, Zəngəzur dəhlizi işə düşmədən Cənubi Qafqaz bölgəsində ümumi sülh və stabillik mühitinin bərqərarını mümkünsüz hesab etdiyini fasiləsiz vurğulayır.

Rəsmi Bakı isə məqsədə doğru qətiyyətlə, addım-addım irəliləyir.

Ermənistan bundan sonra da destruktiv mövqe tutmağa davam edərsə, baş nazir Nikol Paşinyan yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə olduğu kimi, Zəngəzur dəhlizi layihəsi ilə bağlı müstəvidə də süni maneələr yaratmağa, absurd və irreal şərtlər irəli sürməyə davam edərsə, Ermənistan daha bir irimiqyaslı nəqliyyat-infrastruktur layihəsindən kənarda qalacaq.

Xəbər lenti

Xəbər lenti