...

20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi

Siyasət Materials 18 Oktyabr 2023 14:00 (UTC +04:00)
20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi

Bakı. Trend:

15 oktyabr Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olan bir gündür. 20 il öncə 2003-cü ilin oktyabrın 15-də xalqın dəstəyi, seçicilərin mütləq səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev 20 il sonra 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Respublikasının dövlət bayrağını qaldıraraq Azərbaycanın suverenliyinin tam şəkildə bərpa olunduğunu bütün dünyaya bəyan etdi. Bununla da cənab Prezident İlham Əliyev Azərbaycan xalqına, bütün dünyada yaşayan on milyonlarla azərbaycanlıya, ümumilikdə bütün Türk Dünyasına unudulmaz sevinc hissləri bəxş etdi.

20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev Azərbaycan xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirməyə başlayan dövlət başçısı qarşına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Artıq həmən gündür. Şanlı bayrağımız Azərbaycanın bütün ərazilərində, torpaqlarında dalğalanır. Oktyabrın 15-də ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağını ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyev tariximizin zəfər səhifələrini daha da zənginləşdirdi. 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi.

Ulu Öndər Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən təməlini qoyduğu inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarmışdır. Tarixi Zəfərdən sonra Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsi kökündən dəyişmişdir. Milli və dövlətçilik maraqlarımızın qorunması və irəli aparılması, ölkəmizin potensialının artırılması üçün görülən ardıcıl tədbirlər Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə və regional güc mərkəzinə çevirmişdir.

Ölkə iqtisadiyyatında sürətli və davamlı inkişaf dövrü yaşanmışdır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng transmilli layihələr qlobal iqtisadiyyatda mühüm rol oynayır. Energetika sektorunda əldə edilən nailiyyətlər ölkəmizin enerji müstəqilliyini təmin etmiş eyni zamanda Avrasiyanın energetika xəritəsini dəyişdirmişdir. Çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın iqtisadi mənzərəsini daha da zənginləşdirmişdir. Ölkəmiz Avropa ilə Asiyanı bir-birinə sıx bağlayan nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. Qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının, informasiya texnologiyalarının və turizmin inkişafı dayanıqlı iqtisadi tərəqqi amillərindən biri olmuşdur.

Son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox artıb. Prezident İlham Əliyev hər zaman bildirib ki, əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər.

Azərbaycan Ordusu ötən dövrdə dünyanın ən güclü orduları sırasında yer alıb. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və bunu döyüş meydanında sübut etdi, həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, eyni zamanda 19 sentyabr tarixində cəmi 23 saat davam edən lokal antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş lokal antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir.

Prezident İlham Əliyevin Qarabağa hər bir səfəri tarixi hadisə olmaqla yanaşı, işğaldan azad olan torpaqlarımızın bərpası və yenidən qurulması istiqamətində mühüm addımlarla yadda qalır. Cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyini Azərbaycan tarixinə unudulmaz bir hadisə kimi yazdığı bu səfəri zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsində istirahət parkının açılışı, Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi, Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində Dövlət Bayrağımızın ucaldılması mərasimləri keçirildi, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin, Şuşa rayonunun Malıbəyli kəndinin ərazisinə, Əsgəran qalasına və ərazisinə baxış, Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanışlıq oldu.

Cənab Prezident İlham Əliyev 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan xalqına müraciətində bildirmişdir ki, “Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik”. Öz müraciətində cənab Prezident Ermənistana xəbərdarlıq edərək bildirmişdir: “Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər”.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti