Bakı. Trend:
Rusiya yaxın zamanda Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
"Bu gün təkrar olaraq təsdiqləmək istəyirəm ki, yaxın zamanda Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırıq", - o deyib.
Onun sözlərinə görə, Moskva İrəvanla Bakı arasında gərginliyin azaldılmasına yönəlmiş istənilən təmasları təqdir edir.
Rusiya XİN rəsmisi 2020-2022-ci illər ərzində qəbul edilmiş üçtərəfli bəyanatlar kompleksinin ikitərəfli münasibətlərin normallaşması üzrə yol xəritəsi olaraq qaldığını qeyd edib.
"Buraya iki ölkə arasında sülh sazişinin imzalanması, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması daxildir", - o deyib.