...

Türkmənistan Azərbaycan ərazisindən təbii qazı dünya bazarlarına ixrac edə bilər - Berdiməhəmmədov

Siyasət Materials 3 Noyabr 2023 11:36 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Astana. Trend:

Türkmənistan Azərbaycan ərazisindən təbii qazı dünya bazarlarına ixrac edə bilər.

Trend cümə günü xəbər verir ki, bunu Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.

"Vacib istiqamətlərdən biri olaraq energetikanı qeyd etmək olar. Zəngin neft və qaz ehtiyatlarına malik olan Türkmənistan təhlükəsizlik və dünya bazarına enerji daşıyıcılarının etibarlı tədarükü siyasəti yeridir. Xüsusən, Türkmənistan qonşu və region ölkələrinə təbii qaz və elektrik enerjisi tədarükü üzrə işlər görülür.

Bu sahədə TDT ölkələri ilə sıx əlaqələr saxlanılır. Misal üçün, Türkmənistan hazırda öz təbii qazını qonşu və qardaş ölkələr olan Özbəkistan və Azərbaycana ixrac edir. Eyni zamanda, türkmən qazını Xəzər dənizi vasitəsilə Azərbaycan və Türkiyə bazarlarına, həmçinin, perspektivdə dünya bazarlarına ixrac etmək üçün imkanlarımız var. Bu səbəbdən, yaxın zamanda qardaş xalqlarımızla zəruri bütün məsələləri həll edəcəyimizə və müvafiq işlər görəcəyimizə inanıram", - o deyib.

Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti başlayıb.

Sammit çərçivəsində fövqəladə hallar və metrologiya sahəsində çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Bundan əlavə, TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanacaq.

Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edir. Sədrliyin başlanğıcı ötən ilin noyabrında “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” çağırışı altında keçirilən TDT sammiti olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti