...

Türk dövlətləri liderlərinin iradəsi və qətiyyəti ilə əlaqələr və əməkdaşlıq daha da möhkəmlənir - TÜRKPA Baş katibi

Siyasət Materials 21 Noyabr 2023 12:25 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Ortaq tarix, mədəniyyət, dil, adət-ənənə və dəyərlərlə sıx bağlı qardaş türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi və inkişafı Heydər Əliyev rəhbərliyində müstəqil Azərbaycanın prioritetlərindən birinə çevrilmiş və hazırkı türk dövlətləri liderlərinin iradəsi və qətiyyəti ilə bu əlaqələr və əməkdaşlıq daha da möhkəmlənir.

Trend xəbər verir ki, bunu TÜRKPA Baş katibi Mehmet Süreyya Er Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfransda çıxışı zamanı deyib.

O vurğulayıb ki, Türk dünyasında hər sahədə müsbət dinamika ilə və hər keçən il daha fəal inkişaf edən əməkdaşlıq günümüzdə ulu öndərin uzaqgörən ideyalarının aydın təcəssümüdür.

"Heydər Əliyevin türk dünyasının birlik, bərabərlik və həmrəyliyi naminə göstərdiyi səylər və təşəbbüslər türk dünyasının beynəlxalq aləmdə də nüfuzunun və təsirinin artmasında əsaslı rol oynamışdır. Türk dünyasında Heydər Əliyev şəxsiyyətinə, əməyinə və irsinə verilən böyük dəyər əbədiyaşarlıq mərtəbəsinə ucalmış liderin xatirəsinin türk dünyasında yüksək ehtiramla anılmasında, əziz tutulmasında, adının əbədiləşdirilməsində parlaq ifadəsini tapır", - deyə baş katib qeyd edib.

Qeyd edək ki, Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və parlamentarizm" mövzusunda konfrans keçirilir. Konfransın ikinci mövzusu TÜRKPA-nın 15-ci ildönümü ilə bağlıdır. Belə ki, ikinci mövzu "TÜRKPA-nın 15-ci ildönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək perspektivləri"nə həsr edilib.

Xəbər lenti

Xəbər lenti