Bakı. Trend:
Azərbaycan sülh sazişi imzalamaq məqsədilə Ermənistanla birbaşa danışıqlara hazırdır.
Trend cümə günü xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 20-ci iclasında deyib.
"Hesab edirik ki, iki ölkə gələcək münasibətləri barədə birgə qərar qəbul etməlidir. Bu yaxında Azərbaycan-Ermənistan sərhəddində delimitasiya üzrə komissiyanın iclası keçirilib", - o deyib.
Xatırladaq ki, 30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.
Tərəflər həmçinin, işçi qaydada komissiyanın növbəti görüşünün tarixi və yeri barədə razılığa gəliblər.
(Tərcümə: Rəna Əbdürəhmanova)