Bakı. Trend:
Yeni Azərbaycan Partiyasınnı qərarı ilə partiyadan İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Təbii ki, bu qərar Azərbaycan xalqının arzu və istəyini ifadə edir.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 19-da keçirilən plenar iclasda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib:
“Prezident İlham Əliyev adını tarixə həkk etdirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin inkişafı bundan sonra da təmin ediləcək, Azərbaycan yen zirvələri fəth edəcək”, - deyə S.Qafarova vurğulayıb.
S.Qafarova bildirib ki, dünya miqyaslı siyasi və dövlət xadimi olan möhtərəm cənab İlham Əliyev ölkəmizə heyrətamiz uğurlar gətirən fəaliyyəti ilə xalqımızın dərin hörmət və məhəbbətini qazanıb.
“Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici
siyasət konsepsiyası yeni tarixi şəraitdə yaradıcı surətdə davam
etdirilmiş və daha da zənginləşdirilmişdir. Azərbaycan dünyanın ən
dinamik inkişaf edən dövlətləri sırasına çıxmış, geniş bir bölgədə
söz sahibinə çevrilib.
Möhtərəm cənab İlham Əliyev Azərbaycanın müzəffər sərkərdəsi kimi
adını tarixə həkk etmişdir. Onun siyasi-diplomatik və
hərbi-strateji məharəti sayəsində 44 günlük Vətən müharibəsi və bir
günlük antiterror tədbirləri Qarabağın və Şərqi Zəngəzurun işğalına
son qoyulması ilə nəticələnmişdir. Dövlətimizin ərazi bütövlüyünün,
suverenliyinin və tarixi ədalətin bərpa olunması xalqımızın milli
qürurunu özünə qaytarıb.
Azərbaycanın müasir tarixinin son iyirmi ili cəmiyyət və dövlət həyatının bütün sahələrində davamlı yeniləşmə, sürətli sosial-iqtisadi inkişaf, möhkəm ictimai-siyasi sabitlik və tərəqqi, milli qürur, həmrəylik və birlik, gələcəyə sonsuz inam anlayışları ilə bağlıdır.
Əminliklə söyləmək olar ki, möhtərəm cənab İlham Əliyevə xas olan siyasi bəsirət və səriştə, dövlətçilik təfəkkürü və idarəçilik məharəti dövlətimizin müstəqil inkişaf yolu ilə bundan sonra da inamla irəliləməsini təmin edəcək. Azərbaycan qarşıdakı illərdə daha böyük uğurlara imza atacaq və yeni zirvələri fəth edəcəkdir”, - deyə S.Qafarova əlavə edib.