Bakı. Trend:
Moskvada 2500-dən çox Azərbaycan vətəndaşı səs vermək və vətəndaşlıq borcunu yerinə yetirmək istəyini bildirib.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Səfir vurğulayıb ki, ölkənin müstəqillik dövründə ilk dəfə olaraq prezident seçkiləri işğaldan azad edilmiş torpaqlar da daxil olmaqla, Azərbaycanın bütün ərazisində keçəcək.
“Moskvada biz iki seçki məntəqəsi açdıq. Çünki Rusiya paytaxtında olan 2500-dən çox vətəndaşımız səs vermək və vətəndaşlıq borcunu yerinə yetirmək istəyini bildirib. Bundan başqa, Yekaterinburq və Sankt-Peterburqdakı baş konsulluqlarımızda da səsvermə başlayıb. Mən tamamilə əminəm ki, müdrik Azərbaycan xalqı bu gün düzgün seçim edəcək”, - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.
Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.
Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.
Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.