Bakı. Trend:
Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri və İlham Əliyevin parlaq qələbəsi bütün dünyanın diqqət mərkəzindədir.
Bunu Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
O bildirib ki, bu seçkilərdə Azərbaycan növbəti dəfə bütün dünya üçün bir nümunə olduğunu göstərdi.
"Bütün vətəndaşlar seçkini siyasi proses kimi yox, bayram kimi qeyd etdilər. Seçki ərəfəsində bəzi Qərb dairələri hər nə qədər Azərbaycana qarşı qarayaxma kampaniyasını aparsalar da, heç bir məqsədlərinə nail ola bilmədilər. Qalib Azərbaycan xalqı növbəti dəfə birlik nümayiş etdirərək Qalib Prezidentini dəstəklədiyini bütün dünyaya göstərdi.
Fevralın 7-də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması şəraitində keçirilən və tarixə Zəfər seçkiləri kimi yazılan bu seçkilərin bütün ölkə ərazisini əhatə etməsi, dövlət başçısı İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs verməsi Azərbaycan tarixində qürurverici hadisələr sırasına daxil oldu", - deyə A.Qarayev əlavə edib.
Onun sözlərinə görə, suverenliyimizin bərpası ilə həyatında yeni dövr başlayan Azərbaycan 7 fevral Prezident seçkilərini azad, şəffaf, beynəlxalq standartlara uyğun keçirməklə özünün demokratik inkişaf tarixinə yeni parlaq səhifəsini açdı.
“Azərbaycanın Zəfərdən-Zəfərə inamla irəliləməsində də qətiyyətli və yenilməz Lider amilinin rolu inkaredilməzdir. Bu zəfərlərin içərisində isə sözsüz ki, Vətən mühairbəsində qazanılan qələbə xüsusilə əhəmiyyətlidir. Məhz buna görə də 7 fevralda keçirilmiş seçkiləri hər kəs Zəfər seçkiləri də adlandırır”, - deyə A.Qarayev əlavə edib.
A.Qarayev qeyd edib ki, bayram kimi baş tutan Prezident seçkiləri bütün beynəlxalq normalara, demokratik dəyərlərə uyğun formada keçirildi.
“Bunu Azərbaycanda keçirilən Prezident seçkilərini müşahidə edən yerli və xairci müşahidəçilər, medialar və digər aidiyyəti şəxslər də təsdiqlədilər. Mətbuata verilən açıqlamalardan, yayımlanan hesabatlar da təsdiqləndi ki, Azərbaycan xalqı bayram əhval-ruhiyyəsi çərçivəsində öz liderinə səs verdi.
Müşahidəçilər xüsusilə ədalətli, azad və şəffaf seçki prosesinin şahidi olduqlarını açıqladılar. Azərbaycanda keçirilən Prezident seçkilərində seçici fəallığı çox yüksək olub ki, bu da vətəndaşların ölkənin siyasi həyatında fəal iştirakının mühüm göstəricisidir.
Bu seçkilər vasitəsilə Azərbaycanda yeni bir dönəmin başlanğıcı qoyulur. Əminik ki, Azərbaycanın inkişafı, qələbələri bundan sonra da davam edəcək, ölkəmizin sürətli və hərtərəfli inkişafı daha da artacaq, xalqımızın sosial rifahı daha da yaxşılaşacaq", - deyə A.Qarayev əlavə edib.