...

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və çıxışları hər zaman maraq doğurub - ŞƏRH

Siyasət Materials 17 Fevral 2024 17:32 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

1962-ci ildən keçirilən Münxen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu dialoq platformalarından biri sayılır. 1998-ci ildən etibarən Almaniya hökuməti tərəfindən maliyyələşdirilən konfrans iştirakçıların statusuna və sayına görə, eləcə də dünyanın diqqət mərkəzində olduğu üçün özünün analoji alternativlərini xeyli üstələyir.

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı və çıxışları hər zaman maraq doğurub və dünyanın aparıcı kütləvi informasiya vasitələrinin, xarici siyasət və enerji məsələləri üzrə nüfuzlu ekspertlərinin diqqət mərkəzində olub.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinə görüş üçün müraciətlərin sayının çoxluğu, görüşlərin intensivliyi isə, şübhəsiz ki, dövlət başçısının şəxsiyyətinə, liderlik keyfiyyətlərinə olan yüksək diqqətin göstəricisi kimi dəyərləndirilməlidir.

“Prezident İlham Əliyev regionda və dünyada baş verən proseslərə münasibətdə sərgilədiyi ədalətli yanaşma, hadisələri obyektiv təhlil etməsi və inkişaf perspektivlərini dəqiq şəkildə proqnozlaşdırılması, qarşılıqlı faydalı əməkdaşlığa, qlobal təhlükəsizliyə töhfə verə biləcək təşəbbüslərlə çıxış etməsi müxtəlif dövlət və hökumət başçılarının, eləcə də şirkət və təşkilat rəhbərlərinin dövlətimizin başçısı ilə görüşə böyük maraq göstərmələrinin başlıca səbəbləridir.

Bu xüsusda, cənab Prezidentin ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşdə ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğu, həmçinin ATƏT çərçivəsində büdcənin daha məqsədyönlü və vacib layihələrə xərclənməsinin zəruriliyi barədə səsləndirdiyi fikirlərə diqqət çəkməyi vacib hesab edirəm”, - deyə o, əlavə edib.

E.Mirzəbəyli qeyd edib ki, Budapeşt sammitində formalaşan Yüksək Səviyyəli Planlaşdırma Qrupu, həmçinin Minsk Qrupunun faəliyyətsiz olmalarına baxmayaraq, sözügedən qruplara və ATƏT sədrinin Minsk Konfransı üzrə şəxsi şəxsi nümayəndəsinin fəaliyyətinə 2 338 500 avro vəsait ayrılıb.

“ATƏT fəaliyyətdə olan sədrinə, katibliyinə və katibliyə aid olan fondlarına isə 2021-ci ildə ayrılan vəsait 60 392 200 avro təşkil edib. Bu təşkilatın 139 milyon avroya yaxın büdcəsinin təxminən 42%-i deməkdir və açıq-aşkar israfçılıqdan xəbər verir.

Bununla yanaşı, hər il münaqişələrin qarşısının alınmasına, reallıqda isə turist səfərlərinə 5 milyon avroya yaxın vəsait ayrılıdığı halda indiyədək ATƏT heç bir münaqişənin qarşısının alınmasına nail olmayıb.
ATƏT-in müxtəlif təsisatlarına daxil olan 550 əməkdaşla işləyən İnsan resursları ilə iş departamentinin illik büdcəsi həmin şəxslərin əmək haqlarından çoxdur və 4 milyon 171 min 600 avro təşkil edir.

Göründüyü kimi, Azərbaycan Prezidentinin ATƏT-in lüzumsuz təsisatları və büdcəsinin səmərəsiz xərclənməsi ilə bağlı səsləndirdiyi fikirlər, sözügedən təşkilatla bağlı real mənzərənin nədən ibarət olduğunu müaəyyənləşdirmək üçün yetərlidir. Belə yanaşma isə, ilk növbədə ölkəmizin təmsil oldunduğu təşkilatların fəaliyyətinə formal yanaşmadığının, regional və qlobal təhlükəsizliyə töhfə vermək məqsədilə yaradılmış qurumların fəaliyyətinin real məzmun almasında nə qədər maraqlı olduğunun göstəricisidir.

Bu yanaşma özünü ölkəmizin digər beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama hərəkatı çərçivəsindəki fəaliyyətində də büruzə verib. Azərbaycan Prezidentinin sədrliyi dönəmində Qoşulama Hərəkatının institusional təşkilatlanması istiqamətində atılan addımlar, həmçinin Hərəkatın öz yaranış prinsiplərinə uyğun olaraq, daha fəal siyasət yürütməsi, beynəlxalq münasibətlər sisteminin önəmli aktorlarından birinə çevrilməsi ölkəmizin bu təşkilatın faəliyyətinə nə qədər böyük töhfə verdiyini təsdiqləyir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi üçün ölkəmizə verilən dəstək də, məhz ölkəmizin əməli fəaliyyətinin, qlobal məsuliyyətini yüksək səviyyədə dərk etməsinin, bəşəriyyəti narahat edən prosblemlərin müzakirəsinə və həllinə töhfə vermək potensialının göstəricisidir.

Prezident İlham Əliyevin də inaqurasiya mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ölkə kimi qəbul olunur”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti