...

Nikol Paşinyan Azərbaycanın şərtlərini qəbul edir - amerikalı ekspertlər Bakı və İrəvan arasında sülh perspektivləri haqqında

Siyasət Materials 23 Aprel 2024 13:38 (UTC +04:00)
Nikol Paşinyan Azərbaycanın şərtlərini qəbul edir - amerikalı ekspertlər Bakı və İrəvan arasında sülh perspektivləri haqqında
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

19 aprel Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əlamətdar tarix oldu. İkitərəfli təmasların nəticələrinə əsasən, Ermənistan Qazaxın işğal edilmiş kəndlərini Azərbaycana qaytarmağa razılaşdı. Azərbaycanın hələ 2020-ci ildə delimitasiya prosesinin məhz Qazax rayonu ərazisindən başlamasına dair qaldırdığı məsələnin həlli Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti qələbəsi oldu.

ABŞ Ali hərbi-dəniz donanma məktəbinin müəllimi, xarici siyasət üzrə mütəxəssis Brenda Şafferin fikrincə, Ermənistan nəhayət Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün konkret addımlar atmağın vacibliyini dərk etməyə başlayıb.

"Ermənistanın işğal etdiyi dörd Azərbaycan kəndindən çıxmağa razılaşması İrəvanın Sovet dövrü sərhədlərinə əsaslanan ərazi bütövlüyü prinsipləri üzrə sərhədlərin müəyyənləşdirilməsinə artıq razı olduğundan xəbər verir. Ermənistan tərəfindən bu addım sülh sazişi və ya münasibətlərin normallaşması haqqında bir sıra sazişlərin imzalanması istiqamətində irəliləyişdən xəbər verir", - deyə ekspert bildirib.

Həqiqətən, bu gün Bakı və İrəvan sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır. Azərbaycan tərəfindən bütün istiqamətlərdə görülən intensiv işlər öz bəhrəsini verir, Ermənistan isə cavab reaksiyası nümayiş etdirir.

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bununla bağlı bildirib ki, baş nazir Paşinyan Ermənistanın bu dörd kəndi Azərbaycana qaytarmalı olduğunu və bunun düzgün addım olduğunu artıq xalqa deyib.

"Bu, baş nazir Paşinyanın sülh sazişinə və Azərbaycanla sərhədlərin delimitasiyası haqqında sazişə sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan sülh sazişinin əldə edilməsinə sadiqdir və bu proses sürətlənir", - deyə o əlavə edib.

Yəqin ki, bu razılaşmaların əsas aspektlərindən biri Bakı və İrəvanın üçüncü tərəflərin hər hansı müdaxiləsi olmadan irəliləyiş əldə etməsi faktı oldu. Hərçənd Azərbaycan normallaşma prosesinin ilk günlərindən bildirib ki, Ermənistanla ortaya çıxan bütün məsələlər ikitərəfli qaydada həll edilməlidir. Görünür, Nikol Paşinyan artıq anlayır ki, nə Vaşinqton, nə də Brüssel Cənubi Qafqaza sülh gətirə bilməz.

Əlbəttə, həm Aİ, həm də ABŞ Bakı və İrəvan arasında əldə olunmuş razılaşmaları müsbət qarşıladı. Brenda Şaffer bununla bağlı haqlı olaraq qeyd edib ki, indiyədək Qərb tərəfindən Azərbaycanın ərazi bütövülüyünə qarşı ayrı-seçkilik siyasəti aparılıb.

"ABŞ və Avropanın Azərbaycanın ərazi bütövlüyü hüququnu tanıdıqlarını və bununla bağlı əvvəlki siyasətə son qoyulduğunu görmək sevindirici haldır", - o deyib.

Əlbəttə, hələlik şərti olan Azərbaycan-Ermənistan sərhədində Aİ müşahidəçilərinin olduğunu və Ermənistana xüsusən Fransa tərəfindən göstərilən böyük təzyiqi gözardı etmək olmaz. Erməni baş nazir hələ ki, bununla ölkənin siyasi kursunu dəyişməyə çalışır, Azərbaycanla sülh sazişi üzrə xüsusi irəliləyiş baş verməyib. Lakin Parisin Azərbaycanın guya Ermənistana hücum etməyi planlaşdığı, ona qarşı ərazi iddiaları irəli sürdüyünə dair təbliğatı artıq tamamilə təkzib olunub. İndi Makrona nə cavab veriləcəyinə və sərhəddəki yüzlərlə avropalı ilə nə ediləcəyinə Nikol Paşinyan qərar verməlidir.

Ermənistan öz siyasətini və iqtisadiyyatını hansı istiqamətdə inkişaf etdirmək istədiyinə özü müstəqil şəkildə qərar verməlidir. Lakin yadda saxlamaq lazımdır ki, Azərbaycanla sülh prosesinin ləngiməsi Ermənistanın regiondakı mühüm tranzit və enerji layihələrinə reinteqrasiyasına mane olmağa davam edəcək, halbuki İrəvan da buna nail olmaq istəyir.

Brenda Şafferin fikrincə, Azərbaycanla sülh sazişinin imzalanmasının Ermənistan üçün iqtisadi faydaları açıq-aşkardır.

"İndiyədək Ermənistan nəqliyyat infrastrukturunun açılmasına müqavimət göstərirdi. İroniya ondadır ki, regionda ticarət yollarının açılmasından ən çox Ermənistan qazanacaq. Ermənistan Mərkəzi Asiyaya çıxış imkanı əldə edə bilər. Ola bilsin ki, Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasında mühüm irəliləyiş əldə etsələr, Türkiyə də Ermənistanla öz ticarət yollarını açar. Bu, ölkə üçün bir çox imkanlar yaradacaq", - deyə Şaffer vurğulayıb.

İrəvandan müsbət siqnallar getdikcə daha çox nəzərə çarpır. Deyəsən İrəvan nəhayət anladı ki, Azərbaycanla sülh sazişi imzalanmadan ticari əlaqələrin genişlənməsinə, həmçinin Qərb və Şərq bazarlarına çıxış imkanına, eləcə də elementar sabitliyin təmin olunmasına ümid etmək olmaz.

Keçmiş səfir Metyu Brayzanın qeyd etdiyi kimi, İrəvan cari siyasi kursu qoruyub saxlasa, sülh sazişi tezliklə reallığa çevrilə bilər.

"Ötən ilin dekabr ayında hər iki tərəf təkcə əsir mübadiləsi deyil, həm də sülh prosesinin davam etməsi barədə razılığa gəldikdə böyük addım atıldı", - deyə Brayza bu cür müsbət addımları davam etdirməyin vacibliyini vurğulayıb.

Son zamanlar Nikol Paşinyan qərbli tərəfdaşlarla, Qazaxıstan Prezidenti ilə və ya öz parlamentinin qarşısında çıxış etməsindən asılı olmayaraq, İrəvanın Bakı ilə bütün məsələləri tez bir zamanda tənzimləməyə hazır olduğunu bəyan edir. Lakin onun bəyanat və fəaliyyətinin dəyişkənliyini nəzərə almaq lazımdır. Axı 2-ci Qarabağ müharibəsinin bitməsindən sonra ötən 4 il ərzində sülh sazişinin imzalanmasında real irəliləyiş əldə olunmayıb. Görünür, Nikol Paşinyan bu fikirdədir ki, gec olsun, güc olsun.

Ermənistan növbəti addımına qərar verənədək Azərbaycan bir-birinin ardınca zəfərlər qazanmağa davam edəcək. 2023-cü ilin sentyabrında ölkənin suverenliyini bərpa etməsi, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması, indi isə tək bir atəş açmadan dörd kəndin üzərində nəzarətin geri qaytarılması - bütün bunlar Prezident İlham Əliiyevin uzaqgörən və ardıcıl siyasətinin nəticələridir.

Görünür, İrəvan anlaylb ki, Bakının təklif etdiyi şərtlərdən yaxşı həll yolu yoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti