...

Azərbaycanla Əlcəzair arasında əlaqələrin inkişafı müzakirə olunub

Siyasət Materials 23 Aprel 2024 17:32 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 23-də ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, S.Qafarova bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladaraq, Azərbaycanla Əlcəzair arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

Görüşdə münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ilin noyabrında Əlcəzairə səfərinin dost ölkələrimiz arasında münasibətlərin inkişafında tarixi mərhələ olduğu vurğulanıb.

Söhbət zamanı, Azərbaycanla Əlcəzair arasında iqtisadi, mədəni, təhsil sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Spiker münasibətlərin dərinləşməsində parlamentlərin xüsusi rolunu qeyd edərək, deyib ki, iki ölkənin qanunverici orqanları arasında da yaxşı əlaqələr var. Vurğulanıb ki, ölkələrimiz arasında beynəlxalq səviyyədə qarşılıqlı dəstək mövcuddur. Parlament üzvlərimiz də bir çox beynəlxalq təşkilatlarda birgə işləyirlər. Milli Məclisin sədri Əlcəzairin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində fəal iştirakını yüksək qiymətləndirib.

Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbaset cari ilin fevral ayında keçirilən növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin qələbəsi münasibəti ilə təbriklərini çatdıraraq, dövlət başçımızın bu qələbəsinin onun xalqımız qarşısındakı misilsiz xidmətlərinə verilən qiymət kimi dəyərləndirib. O, həmçinin, Azərbaycanı özünün ərazi bütövlüyü və suverenliyini bərpa etməsi münasibəti ilə də təbriklərini çatdırıb.

Əlcəzair Xalq Milli Assambleyasının sədri İbrahim Bouğalinin Milli Məclisin sədri Sahibə Qafarovaya salamlarını çatdıran Qarbi Abdelbaset ölkələrimiz arasında münasibətlərin, o cümlədən, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu sahədə əlaqələr ikitərəfli münasibətlərin inkişafı üçün də imkan yaradıb.

Görüşdə parlamentlərimiz arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin, parlament komitələri, o cümlədən, dostluq qrupları arasında təmasların daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı, həmçinin, bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin önəmi vurğulanaraq, bu qərarın Azərbaycana olan böyük etimadın təzahürü olduğu ifadə edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti