...

Azərbaycan və Ermənistan arasında sülh həm regiona, həm də Qazaxıstana faydaya zəmanət verir - ŞƏRH

Siyasət Materials 24 Aprel 2024 14:11 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında sülh həm regiona, həm də Qazaxıstana faydaya zəmanət verir - ŞƏRH
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Ukraynada müharibənin başlaması həm regiondakı, həm də ondan kənardakı ölkələrin iqtisadiyyatlarına böyük zərər yetirib. Mənfi təsir xüsusən Asiya və Avropanı birləşdirən ənənəvi nəqliyyat marşrutlarında hiss olunub.

Belə ki, Asiya və Avropanın iri aktorları qitələrarası yük axınlarının bərpası üçün alternativ marşrutlardan istifadə etmək qərarına gəlib. Bunlardan biri Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçən Orta Dəhlizdir.

Marşrut hazırda ənənəvi yük həcmlərini çatdırmaq imkanına malik olmasa da, genişləndirilmə potensialı mövcuddur və bu, marşrut üzərindəki ölkələrin nəqliyyat infrastrukturunun inkişafına investisiya yatırmaq niyyətini bildirən beynəlxalq maliyyə institutlarının təhlil və hesabatları ilə təsdiqlənir.

Məlum olduğu kimi, aprelin ortalarında Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistana ilk dəfə səfər etdi ki, bu da Cənubi Qafqazda yeni reallıqlar yaradıldıqdan sonra iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addım kimi qiymətləndirmək olar. Əgər əvvəl Qazaxıstanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Ermənistanla səmərəli iqtisadi əməkdaşlıq qurmağın önündə müəyyən qədər maneə idisə, indi, Azərbaycan öz ərazilərini azad etdikdən, eləcə də sülh sazişi imzalamaq imkanı yarandıqdan sonra tunelin sonunda işıq görünür.

Əlbəttə, Qazaxıstan və Ermənistan arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə yalnız Bakı və İrəvan arasında sülh imkan yarada və nəticədə iki ölkənin əlaqələndirilməsi üçün marşrut təqdim edə bilər. Yəni, sülh və nəqliyyat kommunikasiyalarının açılması əlbəttə, Ermənistanın Mərkəzi Asiya ölkələri, Çin və digər Asiya ölkələri ilə ticarət dövriyyəsinin artmasına imkan yaradacaq.

10 il əvvəl bəlkə də heç kim bu cür danışıqların aparıla biləcəyini düşünməyib, lakin 2020-ci ildən sonra Azərbaycanın regionda yaratdığı reallıq bu barədə düşünməyə imkan verir.

Bununla əlaqədar olaraq, qazaxıstanlı politoloq, "Kemel Arna" İctimai Fondunun direktoru Zamir Karajanov Azərbaycan və Ermənistan arasındakı sülhdən ölkələrin, xüsusən Qazaxıstanın mümkün qazancı barədə öz fikirlərini Trend-lə bölüşüb.

Politoloqun qeyd etdiyi kimi, sülh sazişi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və nəqliyyat kommunikasiyalarının açılması bütün region ölkələrinə, eləcə də Qazaxıstana fayda gətirə bilər.

"Düşünürəm ki, Qazaxıstan və region ölkələri Cənubi Qafqazda vəziyyətin normallaşmasından fayda əldə edəcək. Vəziyyətin normallaşmsı geniş imkanlar açır, yəni hazırda olan bizim üçün son hədd deyil. Həmçinin əksər regionlarda, o cümlədən Yaxın Şərqdə vəziyyətin inkişafını nəzərə alaraq demək olar ki, hazırda Asiya və Avropa arasında yük daşımaları üçün ən stabil marşrut məhz Orta Dəhlizdir. Onun köməyilə yük daşımalarının həcmini artıra bu həcmlərin hesabına necə deyərlər, firavan yaşaya bilərik", - o deyib.

Karajanovun sözlərinə görə, vəziyyətin bu cür inkişafı həmçinin region ölkələri arasında investisiya həcmlərinin artmasına imkan yaradacaq.

"Anlayırıq ki, nəqliyyat aysberqin görünən hissəsidir. O mütləq digər sahələri, investisiyalar, mədəniyyət, təhsil və s. sahələrdə əməkdaşlığı da öz ardınca aparmalıdır. Yəni bütün bu aspektlər yalnız güclənəcək", - deyə politoloq bildirib.

Karajanovun sözlərinə görə, Ermənistan bütün bu regional layihələrin ondan yan ötdüyünü görür və anlayır, ölkə rəhbərliyi bu layihələrdə iştirak etməməklə itirdiklərini dərk edir.

"Bu səbəbdən düşünürəm ki, Ermənistan bunda maraqlıdır. Hazırda tərəflər arasında sülh sazişinin bəndlərinin müzakirəsi gedir və orada tamamilə real məqsədlər qoyulur. Bu, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiya və demarkasiyası və s.dir. Yəni, Ermənistan və Azərbaycan hər şeyi bir paket halında həll etmək, sülh sazişi imzalamaq və hər hansı məsələni razılaşmaların ikinci hissəsinə keçirməmək istəyir. Fikrimcə, bu sülh sazişində iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığa dair bəndlərin də müəyyən edilməsi tamamilə mümkündür. Bu həm nəqliyyat və ekologiya, həm də təhlükəsizlik sahəsi, misal üçün, silahlara qarşılıqlı nəzarət ola bilər. Yəni artıq bu cür məsələlər müzakirə olunur. Bu birmənalı şəkildə ölkələrin iki addım önə baxdığından xəbər verir. Ölkələrin bu cür praqmatik mövqeyi həm sülh sazişi, həm də növbəti mərhələlər üzrə həqiqətən çox yaxşı gözləntilər yaradır", - deyə o qeyd edib.

Qazaxıstanlı politoloq, Beynəlxalq İT Universitetinin Qazaxıstan Tarixi və Media Kommunikasiyaları kafedrasının professoru Saken Mukan isə öz növbəsində Trend-ə bildirib ki, Qazaxıstan, şübhəsiz, Qarabağ məsələsinin həllini həm Azərbaycan, həm də Ermənistanla münasibətlərin inkişafına təkan verən irəliləyiş olaraq görür.

Azərbaycan ərazisi vasitəsilə Ermənistana mümkün nəqliyyat marşrutunun açılmasından danışan politoloq bu sayədə Astana və İrəvan arasında ticarətin asanlaşa biləcəyini qeyd edib.

"Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri zamanı Qazaxıstan məmurları dəfələrlə Qazaxıstan və Ermənistan KİV-inə bildirib ki, tərəflər arasında əmtəə axını İran və Türkmənistan ərazisindən keçir. Təbii ki, marşrut həm logistika, həm də rəsmi səbəblərdən vəziyyəti çətinləşdirir. Türkmənistana giriş üçün viza tələb olunduğundan, yekun istehlakçı bu malları daha yüksək qiymətə əldə edir. Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində əməkdaşlığın mahiyyəti və məntiqi əksinə, əməkdaşlığın yaxşılaşmasına imkan yaratmaq əvəzinə onu daha da pisləşdirir", - o deyib.

Onun fikrincə, İran ərazisindən keçən marşrut məhsulların ixrac və idxalını məhdudlaşdırır.

"İkinci aspekt İrandır, Ermənistanın şərab-su məhsulları bu ölkə ərazisindən üçüncü ölkələrə ixrac məhsulu kimi buraxılmır. Nəticə etibarilə, Qazaxıstan Ermənistanın regionda nəqliyyat layihələrinin gələcək inkişafına qoşulmasında maraqlıdır", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti