...

İrəvan vodevili: “Dondurulmuş” Vazgen, gizlənən Robert və qəzəbli Nikol

Siyasət Analytics 29 May 2024 11:46 (UTC +04:00)
İrəvan vodevili: “Dondurulmuş” Vazgen, gizlənən Robert və qəzəbli Nikol
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Müasir Ermənistanın tarixində misli olmayan hadisə dünən İrəvanın yaxınlığındakı Sərdarabad panteonunda yaşanıb. Ermənistanın Müstəqillik Gününün qeyd olunması ilə bağlı anım mərasiminə qatılanlar arasında Erməni Həvariyun (Apostol) Kilsəsinin (EAK) katolikosu 2-ci Qaregin də vardı.

O, Eçmiədzinin heyəti ilə panteona daxil olmaq istəyərkən Ermənistan Polisinin xüsusi təyinatlı dəstəsinin əməkdaşları katolikosun qarşısını kəsiblər. Mübahisə, polislərlə keşişlər arasında dartışma başlayıb. Yalnız bir müddət keçəndən sonra katolikos panteona buraxılıb.

İlk baxışdan inanılmaz hadisə, paradoks və mümkünsüz hadisə təsiri bağışlasa da, erməni katolikosa qarşı polisin davranışında qeyri-adi heç nə yoxdur.

Panteonda yaşanan çəkişmə və mübahisədə Eçmiədzinin rəhbəri, özünü "bütün ermənilərin katolikosu" adlandıran - halbuki Kilikiya Erməni Kilsəsi də var və onun da katolikosu 1-ci Aramdır - 2-ci Qaregin aprelin 19-da Ermənistanda baş nazir Nikol Paşinyana qarşı başlanmış etiraz aksiyalarının təşkilatçılarının simvolu sayıla bilər.

"Vətən uğrunda Tavuş" adlanan və arxasında erməni kilsəsinin, əslən Qarabağdan olan ermənilərdən ibarət "qarabağlılar klanı"nın rəhbərləri, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın, xarici ölkələrdəki erməni icmalarının diaspor təşkilatları, Rusiya və İranın idarə etdikləri müxalifət qruplaşmalarından ibarətdir.

Alyansın "rəhbər" kimi təqdim etdiyi şəxs EAK-ın Tavuş (Tovuzqala) yeparxiyasının arxiyepiskopu, keşiş Baqrat kimi tanınan Vazgen Qalstanyandır.

Bu müvəqqəti, hər an dağılmağa hazır alyansı idarə edənlərsə Eçmiədzin və Robert Köçəryandır.

Qarşıdurmadakı polis isə qarşı tərəfi - dövləti səciyyələndirirdi.

Katolikos 2-ci Qaregin Ermənistanda dövlətlə kilsə arasındakı münasibətləri dağıtmağa, kilsəni siyasiləşdirməyə və hakimiyyət uğrunda mübarizənin aparıcı qüvvəsinə çevirməyə çalışır.

Məhz katolikos 2-ci Qaregin kliniki yalançı, fırıldaqçı, Kanada vətəndaşı olmasına rəğmən baş nazir postuna iddiasını gizlətməyən keşiş Baqratı, yəni Vazgen Qalstanyanı küçələər yollayaraq nifrət və düşmənçilik mühiti yaratmağa can atır.

Belədirsə, Sərdarabadda polislərin onu sinəsindən vurub geri itələmələrinə 2-ci Qaregin təəccüblənməməlidir.

Aprelin 19-da Ermənistanda başlayan və hələ də səngimək bilməyən etiraz aksiyalarından NikolPaşinyan - onun daxili siyasətdə intriqa məharətini və hakimiyyəti qorumaq bacarığını qulaqardı etməyək - gərəkli nəticələr əldə edib.

Ötən həftə parlamentdə çıxıqşı zamanı o, Erməni Həvariyun (Apostol) Kilsəsinin maliyyə fəaliyyətinin dövlət nəzarətinə alınması, Eçmiədzinin vergilərdən yayılması praktikasına son qoyulmasını tələb etmişdi.

Söhbət ilk baxışdan maliyyə problematikası təsiri bağışlaya bilər. Belə deyil.

Erməni kilsəsi əsrlərdir ki, çox fəal, hətta hiperaktiv şəkildə siyasətlə məşğul olur və ermənilərin yaşamını müəyyənləşdirməyə çalışır.

Kilsə həmişə erməniləri bu və digər faciələrlə fəlakətlərə tuş edib, hər dəfə də "Böyük Ermənistan" mifologemini ortaya ataraq erməniləri "düşmənlə sonadək mübarizəyə" çağırıb.

Osmanlı Türkiyəsində ermənilərin kütləvi xəyanətlərinin və sitlahlanaraq dinc insanlara divan tutmasının, Çar Rusiyasında terror hərəkatları qurmalarının, sonradan Türkiyə diplomatlarına sui-qəsdlərin təşkil olunmasının, Sovetlər Birliyində bir çox terror aktlarının gerçəkləşdirilməsinin, nəhayətdə artıq tarixə gömülmüş Qarabağ münaqişəsinin başlanmasının səbəbkarı, təşviqatçısı və təşkilatçısı EAK olub.

EAK milyardlarla dollarlıq varidata, daşınan və daşınmaz əmlaka, şirkətlərə, səhmlərə və s. malikdir ki, erməni keşişlər həmin pullardan yalnız öz merkantil məqsədləri üçün yox, Eçmiədzinin hakimiyyət və siyasət davaları üçün də istifadə ediblər.

Ermənistandakı son etiraz aksiyalarının maliyyə dayaqlarından biri də məhz EAK-dır.

Bundan əlavə, keşiş Baqrat aksiyaların ilkin mərhələsində baş nazir postuna iddialı olmadığını desə də, Eçmiədzinin siyasi proseslərə ən aktiv şəkildə müdaxilə niyyətində olduğunu aşkarlamasından və katolikos 2-ci Qareginin "xeyir-dua"sından sonra baş nazir olmaq istədiyini dedi.

Təbii ki, bütün bunlar Nikol Paşinyanın səbr kasasını daşdırıb.

Bundan belə Ermənistanda istisnasız olaraq bütün (!) din xadimləri, yəni keşişlər - çünki Ermənistan yürütdüyü şovinist və irqçi siyasət nəticəsində faktiki monoetnik dövlətə çevrilib, fəaliyyət göstərən bir məscid də qalmayıb - adi, orta statistik vətəndaş sayılacaqlar. Onlar da digər vətəndaşlar kimi mövcud qanunvericiliyə, asayiş qaydalarına riayət etməli olacaqlar.

Erməni kilsəsi indiyədək gen-bol faydalandığı imtiyazlar, vergilərdən azad edilmək, toxunulmazlıq, bir çox qanunları saya salmamaq və s. kimi "status"unu özü siyasətlə məşğul olduğunu etiraf etməklə yanaşı, baş naziri devirməyə çalışmaqla məhv etdi.

Keşiş Baqratın, yəni Vazgen Qalstanyanın baş nazir postuna yolunu açmaq üçün onun kilsədəki "fəaliyyyətin və səlahiyyətinin dondurulduğunu" bəyan edən katolikos 2-ci Qaregin faktiki olaraq, bütün keşişlərin səlahiyyətlərini məhdudlaşdırıb.

Ermənistandakı mövcud hakimiyyətə qarşı çıxan qüvvələr və onların mass-mediası bəyan edirlər ki, hazırda baş nazir Nikol Paşinyana olan rəğbət (dəstək) son illərdə ən aşağı səviyyədədir.

Bəli, belədir: Paşinyanın idiotik qərarları və ölkə iqtisadiyyatının sanksiyalardan yayınmağa çalışan Rusiyanın həyata keçirdiyi paralel idxal-ixrac əməliyyatlarından asılı olması, sosial problemlərin həllini tapmaması, artan işsizlik və mühacirət təbii ki, erməni cəmiyyətində Paşinyanın nüfuzunu gücləndirmir.

Ancaq bununla belə, Erməni Həvariyun Kilsəsinin ermənilər arasındakı nüfuzu son üç əsrdə ən aşağı səviyyədədir.

Rüşvətxorluq, korrupsiya, mənimsəmələr, özbaşınalıq, ianələrin şəxsi hesablara köçürülməsi, keşişlərin yalanlarının sayının fasiləsiz artması erməni kilsəsinin çəkisini sabun köpüyü ağırlığına çatdırır.

Ermənilərin əksəriyyəti ateist deyillər, xristian dininə sayğıları var, aralarında qatı dindarlar da az deyil. Amma Erməni Həvariyun Kilsəsinin başçısı, katolikos 2-ci Qaregin mənəviyyatdan və əxlaqdan uzaq insandır.

Eynən Kilikiya Erməni Kilsəsinin katolikosu 1-ci Aramm kimi. Livan vətəndaşı olan Aram Ermənistandakı vəziyyəti şərh edir, 2-ci Qaregini dəstəklədiyini vurğulayır.

2-ci Qaregin və 1-ci Aram kimi saxtakarlar, haramxorlar və yalançılar heç bir halda din xadimi, keşiş sayıla bilməzlər.

Belə məxluqların vətəni olmur: olan maraqları, tamahları və istəkləridir.

Xəbər lenti

Xəbər lenti