...

Qurtuluş Günü Ulu Öndərin öz xalqına məhəbbətini ifadə edir - Deputat

Siyasət Materials 15 İyun 2024 11:08 (UTC +04:00)
Qurtuluş Günü Ulu Öndərin öz xalqına məhəbbətini ifadə edir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

15 İyun əzəmətli tarixdir. Məhz bu tarixdə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı və Azərbaycan xalqını üzləşdiyi tarixi bəladan xilas etdi. Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz bu tarix Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, möhkəmlənməsi və inkişafı naminə Ulu Öndərin iradəsini və öz xalqına məhəbbətini ifadə edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

A.Həsənova bildirib ki, 1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyini qanı bahasına yenidən bərpa etdi.

“Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir tarixi mərhələ idi. Lakin təəssüflər olsun ki, bu tarixi hadisə heç də istədiyimiz nəticəni vermirdi. Müstəqilliyimizin elə ilk illərindəcə ölkəmiz çox böyük sınaqlar, çətinliklər, bəlalarla üz-üzə dayandı. O vaxtki hakimiyyətin siyasi səriştəsizliyi, idarəetmə bacarığının olmaması ölkəmizdə dərin siyasi və iqtisadi böhranın yaranmasına səbəb olmuşdu və ölkəmizin parçalanmasına, bir dövlət kimi yox olmasına zəmin yaranmışdı.

Bir tərəfdən isə Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha da çətinləşdirirdi. Hakimiyyətin başı isə daxili siyasi çəkişmələrə, vəzifə uğrunda mübarizəyə, dövlət əmlakının mənimsənilməsinə qarışmışdı və bu acınacaqlı vəziyyət ölkəmizi hər gün biraz daha uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar bəzi siyasi “lider”lərin rəhbərliyi altında hakimiyyət uğrunda mübarizəyə cəlb olunmşdu.

Siyasi böhranla yanaşı ölkədə hökm sürən iqtisadi tənəzzül, ərzaq qıtlığı insanların sosial durumunu olduqca çətin vəziyyətə salmışdı və bütün bunlar xalqın bu gündən sabaha ümidini, inamını qırmışdı”.

A.Həsənova bildirib ki, məhz belə bir vaxtda xalq çətin vəziyyətdən çıxış yolunu Vətənini, xalqını sevən Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü:

“Xalqımız bu tələblə küçələrə çıxmağa başladı. Xalqımız çox yaxşı başa düşürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsinə malik bir rəhbər çıxara bilər. Ulu öndər xalqın səsinə səs verdi və bu çətin və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi, yeni bir mərhələ oldu.

Bütün həyatını xalqına və dövlətinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla yanaşı müstəilliyimizin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Heydər Əliyev tərəfindən atılan çevik və əməli addımlar nəticəsində ölkədə qısa müddət ərzində ictimai-siyasi sabitliyə nail olundu, qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı”.

Müstəqil Azərbaycanın siyasi inkişaf dövrü haqqında danışan A.Həsənova vurğulayıb ki, ictimai-siyasi sabitliyə nail olduqdan sonra Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində ümummilli lider tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbulu oldu:

“1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilən müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) 91,9 % səslə qəbul edildi.

Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi idi”.

Xarici siyasət prioritetlərinin müəyyən edilməsi və beynəlxalq münasibətlərin qurulmasına toxunan deputat bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi:

“Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı. Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti və mənfi imici aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı”, - deyə deputat bildirib.

O qeyd edib ki, 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir.

“Bu gün ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal altındakı torpaqlarımızı azad edərək, xalqımızın 30 illik doğma yurd–yuva həsrətinə son qoydu. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir.

Vaxtilə sabaha ümidi olmayan, övladlarının, dövlətin gələcəyindən əmin olmayan insanlarımız bu gün Azərbaycan kimi güclü, təhlükəsiz bir ölkədə yaşadıqları üçün ulu öndər Heydər Əliyevin ruhunu dərin hörmətlə anır və onun əziz xartirəsini daim uca tutur”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti