...

Azərbaycan bərpa olunan enerji mənbələrindən istifadəyə böyük diqqət yetirir - Deputat

Siyasət Materials 24 İyun 2024 13:56 (UTC +04:00)
Azərbaycan bərpa olunan enerji mənbələrindən istifadəyə böyük diqqət yetirir  - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malikdir və ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadəsinə böyük diqqət yetirilir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, son illərdə Azərbaycanda bərpaolunan enerjiyə böyük investisiyalar yatırılır və eyni zamanda, bu sahədə geniş investisiya imkanları mövcuddur.

“Bərpa olunan enerji sahəsində Xəzər dənizinin nəhəng potensialı var və Xəzər dənizinin Azərbaycan sektorunun potensialı təqribən 150 min meqavat təşkil edir.

Bununla yanaşı, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Burada, ilk növbədə, külək və günəş enerjisi nəzərdə tutulur. Qarabağda 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulur. Məlumdur ki, artıq Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt gücündə 4 su elektrik stansiyası artıq istismara verilib.

Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt "Xudafərin", 40 MVt "Qız Qalası") olmaqla, iki su elektrik stansiyasının tikintisi davam etdirilir.

Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək”, - deyə deputat bildirib.

Deputat əlavə edib ki, Azərbaycan bu istiqamətdə böyük şirkətlərlə əməkdaşlıq edir.

“Masdar”, “ACWA Power” və BP kimi iri şirkətlər bu istiqamətdə Azərbaycanla yaxından əməkdaşlıq edir və əməkdaşlıq etmək istəyən şirkətlərin sayı atrmaqdaddır. Məlumdur ki, “yaşıl enerji”yə keçid qlobal ekoloji problemlərin həllində mühüm rol oynayır və bu istiqamətdə Azərbaycan mühüm töhfələr verməkdədir.

Bu yaxınlarda Azərbaycan daha böyük bir beynəlxalq tədbirə, enerji sənayesinin liderlərini bir araya gətirən, 37 ölkədən 300-dən artıq şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsinə ev sahibliyi etdi. Bakı Enerji Həftəsi dünya üçün vacib olan enerji məsələlərinin müzakirə edildiyi mühüm beynəlxalq platformaya çevrilib”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti