Bakı. Trend:
Məzahir Pənahovun sədrliyi ilə 2024-cü il sentyabrın 10-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Trend xəbər verir ki, əvvəlcə Komissiyanın 9 sentyabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb.
Media mənsubları tərəfindən operativ şəkildə işıqlandırılan iclasda öncə müraciətlər barədə ətraflı məlumat verilib, beynəlxalq müşahidə missiyalarının təmsilçilərinə, media nümayəndələrinə və maraqlı subyektlərə daxil olan müraciət və məlumatların hərtərəfli, obyektiv və şəffaf araşdırılması prosesində yaxından iştirak etmək üçün hər cür imkan yaradıldığı vurğulanıb.
Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.
Mərkəzi Seçki Komissiyasının iclasında, həmçinin cari məsələlərə də baxılıb.
xxx
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı məsələlər müzakirə edilib.
Eyni zamanda, iclasda MSK-nın 9 sentyabr tarixlərində keçirilən iclaslarının protokolunun təsdiq edilməsi məsələsinə baxılıb.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.