...

AZAL və “Ethiopian Airlines” tərəfdaşlıq anlaşması imzalayıb

Siyasət Materials 8 Oktyabr 2024 14:13 (UTC +04:00)
AZAL və “Ethiopian Airlines” tərəfdaşlıq anlaşması imzalayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

8 oktyabr 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL “Ethiopian Airlines” ilə əməkdaşlıq çərçivəsində sərnişinləri üçün beynəlxalq səyahət imkanlarını genişləndirir.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İki aviaşirkət arasında imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən, sərnişinlər artıq əlavə marşrutlara və daha rahat transferlərə çıxış əldə edirlər. Həmçinin bu əməkdaşlıq çərçivəsində baqajın bir dəfə qeydiyyata alınması xidməti təqdim edilir və hər iki aviaşirkətin uçuşları üçün vahid biletin rəsmləşdirilməsi imkanı yaradılır.

Bu anlaşma hər iki aviaşirkətin müştəriləri üçün rahat və komfortlu səyahət təcrübəsi təmin etmək istiqamətində mühüm bir addımdır. Belə ki, əməkdaşlıq çərçivəsində transfer zamanı baqajın yenidən qeydiyyata alınması ehtiyacı aradan qaldırılır və səyahət logistikası asanlaşdırılır. Sərnişinlər artıq Yaxın Şərq və Körfəz Əməkdaşlıq Şurası ölkələrində, eləcə də Hindistan yarımadasındakı hava limanları vasitəsilə rahat transferlərdən yararlana bilərlər ki, bu da beynəlxalq səyahətlərin təşkilini sadələşdirir.

“Ethiopian Airlines” ilə tərəfdaşlıq AZAL-ın beynəlxalq mövcudluğunu daha da möhkəmləndirir. Aviaşirkət sərnişinlərinə daha sərfəli və rahat səyahət təqdim etmək üçün digər aviadaşıyıcılarla əməkdaşlıqlarını davam etdirir.

Afrikanın ən böyük aviaşirkəti olan “Ethiopian Airlines” bu əməkdaşlıqda mühüm rol oynayır. Aviaşirkətin geniş marşrut şəbəkəsi Afrika qitəsi boyunca COP29-a üzv olan ölkələrin əksəriyyətini əhatə edir.

Xəbər lenti

Xəbər lenti