...

Prezident İlham Əliyev ehtiramla qarşılanan lider, Azərbaycan isə etimad göstərilən dövlətdir

Siyasət Materials 10 Oktyabr 2024 15:30 (UTC +04:00)
Prezident İlham Əliyev ehtiramla qarşılanan lider, Azərbaycan isə etimad göstərilən dövlətdir

Bakı. Trend:

Prezident İlham Əliyev ehtiramla qarşılanan lider, Azərbaycan isə etimad göstərilən dövlətdir.

Dövlətimizin başçısının Moskvada keçirdiyi görüşlər və MDB tərəfindən qəbul edilən qərarlar bunları bir daha təsdiq edir.

Prezident İlham Əliyevin bu günlərdə Rusiyaya işgüzar səfəri mühüm nüanslarla əlamətdar oldu. Dövlətimizin başçısının bu səfəri ilk növbədə onun beynəlxalq siyasi platformalarda ehtiramla qarşılanan siyasi lider olduğunu bir daha təsdiq etdi. Eyni zamanda, cənab Prezidentin Moskvada keçirdiyi görüşlər və MDB tərəfindən qəbul edilən qərarlar göstərir ki, Azərbaycan yüksək imicə malik dövlətdir və İkinci Qarabağ müharibəsində respublikamızın yaratdığı reallıqlar beynəxalq səviyyədə qəbul olunur.

Dövlətimizin başçısı Rusiyaya MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün səfər etmişdi. Lakin Moskvada Azərbaycan və Rusiya prezidentləri arasında ayrıca görüşün keçirildiyini nəzərə alsaq, bu səfəri həm də Azərbaycan-Rusiya əlaqələrinə nəzər salınması baxımından mühüm siyasi hadisə kimi dəyərləndirə bilərik.

Son illərdə Azərbaycan-Rusiya münasibətləri öz inkişafının tamamilə yeni keyfiyyət mərhələsinə yüksəlib. Xüsusilə qeyd etməliyik ki, hələ Vətən müharibəsi və ondan sonrakı dövrdə Kreml Ermənistanın müxtəlif cəhdlərinə, hətta Kollektiv Təhlükəsizlik Müaviləsi Təşkilatı ilə bağlı şantajlarına baxmayaraq, Moskva Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad olunması ilə bağlı mövqe tutdu.

2022-ci ilin fevralında imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə əlaqələrə yeni siyasi məzmun qatdı. Bütün bunların fonunda özünü göstərən həqiqət odur ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edərək yaratdığı yeni reallıq Rusiya tərəfindən qəbul edilir.

O cümlədən 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri zamanı da Rusiya dövləti ədalətli və obyektiv davrandı və əlbəttə ki, bütün bunlar cəmiyyətimiz tərəfindən təqdirlə qarşılanır.

Bu ilin avqust ayında Prezident Vladimir Putinin Azərbaycana etdiyi dövlət səfəri də ilk növbədə Azərbaycanla Rusiya arasında dövlətlərarası dialoqun, əməkdaşlığın və dostluğun yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Bir məsələni xüsusi vurğulamaq istərdim ki, Vladimir Putin indiyədək dəfələrlə Azərbaycana səfər edib.

Amma bu ilin avqustunda ölkəmizə ilk dəfə dövlət səfəri etdi. Həmin vaxt cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda bildirdiyi kimi dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir, belə demək mümkünsə, həm də dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Hazırda iki ölkə arasında əlaqələr indiyədək imzalanmış iktərəfli sənədlərin məzmununa uyğun olaraq inkişaf edir. Qarşılıqlı ticarət dövriyyəsi 4,3 milyard ABŞ dolları həcmindədir. Sənaye və kənd təsərrüfatı sahələrində idxal-ixrac əməliyyatlarının yüksəlməsi, tranzit axınının və yük daşımalarının həcminin yüksəlməsi, eyni zamanda, Azərbaycanın rusiyalı turistlər üçün cəlbedici məkan olaraq qalması ticarət dövriyyəsinin yüksəməsinə təsir edən iqtisadi faktorlardır. Bütün bunları nəzərə alaraq 2024-cü ilin sonuna bu rəqəmin daha da yüksələcəyi proqnozlaşdırılır.

Bütövlükdə, Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında görüş iki dövlət arasında əlaqələrin yüksək siyasi və iqtisadi məzmunundan xəbər verdi. Vladimir Putinin cənab İlham Əliyevi Tatarıstanın paytaxtı Kazanda oktyabrın 23-24-də keçiriləcək BRICS sammitinə dəvət etməsi isə Azərbaycan-Rusiya əlaqələrinin strateji müttəfiqlik ruhunda inkişafının, dövlət başçıları arasındakı sıx dostluq münasibətlərinin və Prezident İlham Əliyevə olan yüksək ehtiramın təcəssümüdür.

Prezident İlham Əliyevin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirakına gəldikdə, ilk öncə qeyd etmək istərdim ki, MDB Azərbaycanın yaxından tərəfdaşlıq etdiyi platformalardan biridir. MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, elmi, mədəni sahədə və əməkdaşlıqdan ibarətdir.

Faşizm üzərində qələbə isə MDB üzvlərini birləşdirən mühüm siyasi-mənəvi dəyərdir. Azərbaycan hər zaman həm MDB-nin işinə, həm də üzv dövlət arasında əməkdaşlığa mühüm töhfələr verib. Ermənistanı çıxmaq şərtilə, Azərbaycanın bütün MDB dövlətləri ilə yüksək siyasi-iqtisadi münasibətləri var.

MDB-yə üzv olan ölkələrin ali rəhbər şəxslərinin müntəzəm görüşləri postsovet məkanında siyasi və iqtisadi əlaqələrin inkişafına təkan verir. Müstəqllik qazandıqdan sonra postsovet dövlətləri arasında münasibətlərin qorunub saxlanılmasında və inkişafında bu görüşlər mühüm əhəmiyyət kəsb edir. Bu mənada MDB Dövlət Başçıları Şurasının Moskvada oktyabrın 8-də keçirilən iclasının MDB məkanında əməkdaşlığın inkişafına təkan verəcəyi şübhəsizdir.

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında açıqladığı məsələlər isə həm Azərbaycan nüfuzu, həm də Vətən müharibəsi nəticəsində yaranan reallıqların MDB məkanına daha yaxından təqdim olunması baxımından respublikamızın mühüm siyasi uğurlarıdır. Dövlətimizin başçısının toxunduğu məsələlərdən biri MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi oldu.

Təbii ki, Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan üçün mühüm siyasi qərar olmaqla respublikamızın ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qarşılanır. Çünki həm bu qərar və həm də onun icrası çərçivəsində keçiriləcək bütün tədbirlər birinci növbədə, Laçının tarixi Azərbaycan şəhəri olması həqiqətini bir daha MDB məkanına bəyan edəcək.

Məlumdur ki, Laçın işğal altında olduğu dövrdə Ermənistan onu erməni şəhəri kimi təqdim edirdi. Hətta Laçına eybəcər ad da qoymuşdular. Lakin dünya bu şəhəri heç vaxt erməni şəhəri kimi tanımadı. Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi isə bir daha erməni yalanlarının ifşası olacaq.

İkincisi, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar keçiriləcək tədbirlər fonunda Azərbaycanın qələbəsi, torpaqlarını güc yolu ilə azad etməsi daha geniş formada MDB ictimaiyyətinin diqqətinə çatdırılacaq. Bu tədbirlər Vətən müharibəsindəki zəfərimizin, Prezident İlham Əliyevin qətiyyətli və müsiəqil siyasətinin yeni təqdimatı olacaq.

Üçüncüsü, gələn il Laçında keçiriləcək hər bir tədbir Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi möhtəşəm quruculuq işlərinin MDB coğrafiyasında tanıtımı olacaq. MDB üzvləri olan dövlətlər və onların xalqları bir daha Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin həyata keçirdiyi möhtəşəm bərpa işlərinə, Prezident İlham Əliyevin quruculuq əzminə şahidlik edəcəklər. Eyni zamanda Laçının timsalındakı quruculuq işləri Ermənistanın Azərbaycan ərizələrində törətdiyi vanallığı da bir daha dünyaya çatdıracaq.

Cənab İlham Əliyevin çıxışında toxunduğu başqa bir məsələ gələn il Azərbaycanda III MDB Oyunlarının keçirilməsidir. Azərbaycan dövləti yürütdüyü siyasətlə həm də dünyada sülhü, təhlükəsizliyi, humanizmi və dostluğu təşviq edir. Bakının beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinin səbəblərindən biri də məhz budur.

İndiyədək paytaxtımızda siyasi-iqtisadi və humanitar mövzulu çoxsaylı konfranslar, sammitlər keçirilib. O cümlədən Bakı Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 kimi mötəbər idman tədbirinə evsahibliyi edib. Bu tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın yüksək nüfuzundan və respublikamıza olan beynəlxalq etimad və inamdan irəli gəlib.

Gələn il isə Azərbaycan III MDB Oyunlarına evsahibliyi edəcək. Bu dəfə Gəncə şəhəri ölkəmizin idman paytaxtına çevriləcək, yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində təşkil olunacaq. Bununla da MDB xalqlarının diqqəti gələn həm də idman müstəvisində respublikamıza yönələcək. III MDB Oyunları Azərbaycanın yüksəlişini, uğurlarını, mötəbər idman yarışları keçirmək təcrübəsini, xalqımızın qonaqpərvərliyini və Qarabağ savaşındakı zəfərimizi bir daha MDB ictimaiyyətinə bəyan edəcək.

Bütövlükdə, Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri göstərdi ki, dövlətimizin başçısı dərin ehtiramla qarşılanan siyasi lider, Azərbaycan isə etimad göstərilən güclü dövlətdir.

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Xəbər lenti

Xəbər lenti