Bakı. Trend:
5 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci
iclasında iştirakı çərçivəsində Andorra Knyazlığının xarici işlər
naziri İmma Tor Faus ilə görüşüb.
XİN-dən Trend-ə bildirilib ki,
görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin
inkişaf perspektivləri, COP29 sədrliyimizdən irəli gələn məsələlər,
habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə
olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına
(COP29) sədrliyi, sessiyanın nəticələri barədə məlumat verib,
xüsusilə iqlim maliyyəsi olmaqla vacib qərarların əldə olunduğunu
diqqətə çatdırıb. Bununla yanaşı, Andorranın sədrliyimiz tərəfindən
iqlim dəyişmələri ilə mübarizə sahəsində irəli sürdüyü 9 bəyanatdan
6-na qoşulmasının məmnunluq doğurduğu vurğulanıb.
Qarşı tərəf, həmçinin regiondakı cari vəziyyət, işğaldan azad
olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq
işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma
prosesinin gedişatı barədə ətraflı məluamtlandırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair
fikir mübadiləsi aparılıb.