Bakı. Trend:
Milli Məclisə Azərbaycanın D-8-ə qoşulmasına dair qanun layihəsi daxil olub.
Trend xəbər verir ki, qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Komitənin iclasında “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Azərbaycan Respublikası 2012-ci il noyabrın 22-də İslamabad şəhərində imzalanmış “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulacaq.
Qanun layihəsi müzakirələdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri “2020-2030-cu illər yol xəritəsi” sənədində əks olunub.
Azərbaycan keçən ilin 19 dekabr tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı D-8-ə tamhüquqlu doqquzuncu üzv kimi qəbul edilib. Bu üzvlük Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu və təşkilatla sıx əməkdaşlıq imkanlarını əks etdirir. Azərbaycanın D-8-in fəaliyyətində iştirak etməsi, ölkəmizin geostrateji mövqeyini və iqtisadi potensialını nəzərə alaraq təşkilatın inkişafına mühüm töhfələr verə bilər. Azərbaycan, Şərq ilə Qərb arasında körpü rolu oynayan və İslam dünyasının əsas iqtisadi və mədəni mərkəzlərindən biri kimi D-8 çərçivəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.
Azərbaycanın D-8-ə qoşulması iqtisadi və ticarət əlaqələrinin inkişafına yeni imkanlar açır. Azərbaycan xüsusilə Türkiyə, Pakistan, İran və Malayziya ilə geniş ticarət əlaqələrinə malikdir. Neft və qaz ixracı, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlıq imkanları mövcuddur. Bununla yanaşı, Orta Dəhliz marşrutu üzərində yerləşən Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə D-8 ölkələri üçün mühüm tranzit mərkəzinə çevrilir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və Türkiyə-Pakistan-Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində D-8 ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün geniş imkanlar mövcuddur. Azərbaycan D-8 çərçivəsində iqtisadi inteqrasiya layihələrində iştirak etməklə yanaşı, təşkilatın əsas prinsiplərinə töhfə verməyə davam edəcək. Azərbaycanın təşkilata üzvlüyü beynəlxalq ticarət və iqtisadi mövqeyini daha da möhkəmləndirərək regional və qlobal əməkdaşlıq perspektivlərini genişləndirir.
D-8-in rəsmi dili ingilis dilidir və təşkilatın əsas prinsipləri iqtisadi inkişaf, ticarət əməkdaşlığı, ədalətli iqtisadi sistem və beynəlxalq diplomatik əlaqələrin möhkəmləndirilməsidir.
