Bakı. Trend:
TÜRKSOY-un Baş katibi Sultan Raev videomüraciət vasitəsilə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Trend xəbər verir ki, təbrikdə deyilir:
"Əziz və hörmətli azərbaycanlı bacı və qardaşlarım. TÜRKSOY Baş Katibliyi adından və şəxsən öz adımdan sizin Novruz bayramınızı səmimi qəlbdən təbrik edirəm.
Novruz bayramı təbiətdə və üərklərdə saf duyğuların oyanması, insanlar arasında səmimiyyət, mehribanlıq və qardaşlıq tellərinin güclənməsi, və onların bir-birinə qayğı və diqqətinin artması üçün gözəl zəmin yaradır.
Əzizlərimizin yad olunması, küsənlərin barışması, insanlar arasında qarşılıqlı xoş münasibətlərin bərqərar olması Novruzun əsrlər boyu formalaşmış gözəl adətidir.
Hər birinizi bu gözəl bayram münasibətilə təbrik edirəm! Bütün Azərbaycan xalqına möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzu edirəm. Bayramınız mübarək olsun, Can Azərbaycan!", - deyə o təbrikində bildirib.