...

Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Mart 2025 16:25 (UTC +04:00)
Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Aydan Məmmədova
Aydan Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Martın 29-da Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak ediblər.

Tədbirdə kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilinin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların məqsədli dəyişdirilməsi, tarix və mədəniyyətin imperiya siyasətinə uyğun yazılması kimi narahatedici məsələlər geniş şəkildə müzakirə edilib.

Kolonial siyasətin nəticələri, müstəmləkəçiliyə qarşı qlobal hərəkatlar, milli irsin qorunması, siyasi məhbusların azadlığı, reparasiya tələbləri, habelə Fransa və Niderland hökumətlərinin yeni kolonial siyasəti ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, konfrans zamanı Bakı Təşəbbüs Qrupu ilə müstəqillik hərəkatlarından biri arasında anlaşma memorandumu imzalanıb.

Tədbirdə çıxış edən Qlobal Təzminat Hərəkatının Prezidenti, Beynəlxalq Dekolinizasiya Cəbhəsinin katibi Jose Martin Jean-Pierre (Qvadelup) deyib ki, Bakı Təşəbbüs Qrupunun müstəmləkəçiliyə qarşı mübarizəyə verdiyi töhfə nümunəvidir.

O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəsizliyin aradan qaldırılması və keçmiş müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi üzrə beynəlxalq səylərdə mühüm rol oynayır.

"Biz başa düşdük ki, birlik gücdür və hekayələrimizin və reallıqlarımızın müxtəlifliyi bir sərvətdir. Hər bir mübarizə - kollektiv azadlığımızın binasını möhkəmləndirən bir kərpicdir", - Jean-Pierre vurğulayıb.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov isə vurğulayıb ki, BTQ 4 ay ərzində 7 müstəmləkə əsarətində olan ərazi ilə sıx əməkdaşlıq qurub.

O bildirib ki, artıq 15 ərazi ilə əməkdaşlıq edirlər:

"Bu gün artıq bizim əməkdaşlıq etdiyimiz ərazilərin sayı 15-dir. Biz bu ərazilərin müstəmləkə əsarəti altından qurtulmasını və müstəqil dövlət olmalarını arzu edirik. Düşünürəm ki, mən və Bakı Təşəbbüs Qrupu komandası bunu yaxın gələcəkdə görə biləcəyik. Əminəm ki, siyahıda qeyd edilən bütün ərazilər müstəqil olacaqlar. Bu siyahıda olan 3 ərazi, Keniya, Mali, Niger artıq mütəqilliklərinə qovuşublar. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Neokolonializm bu ölkədə mövcuddur və Fransa hökuməti tərəfindən tətbiq edilir",- deyə o əlavə edib.

Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin baş katibi Jean-Jacob Bicep isə öz növbəsində bildirib ki, Müstəmləkəçilik Qvadelupa və digər müstəmləkə ərazilərinin yerli xalqlarının milli və dini kimliyinə böyük ziyan vurub.

Onun sözlərinə görə, Qvadelupanın müstəmləkəsi 1493-cü il noyabrın 4-də Kristofer Kolumbun Avropaya adanı kəşf etməsi ilə başlayıb. Lakin arxipelaqın avropalılar tərəfindən faktiki işğalı 1635-ci ildə başladı və 26 iyun 1637-ci ildə Fransa rəsmi olaraq Qvadelupanı müstəmləkə elan etdi.

“Yerli əhali müstəmləkəçiliyin ilk qurbanlarından biri oldu. Onların dili, mədəniyyəti, adət-ənənələri Avropa işğalının təzyiqi altında məhv edilib. Onlar təkcə silahlı münaqişələrlə deyil, həm də toxunulmazlığı olmayan xəstəliklərlə üzləşiblər”, - Jean-Jacob Bicep deyib.

Əlavə olaraq “Tavini Huiraatira” Partiyasının baş katibi Viktor Maamaatuaiahutapu bildirib ki, Fransanın müstəmləkəçilik siyasəti Fransız Polineziyası xalqlarının kimliyini və mədəniyyətini məhv edib.

Viktor Maamaatuaiahutapu vurğulayıb ki, Fransa keçmiş müstəmləkəçi dövlət kimi əsrlər boyu Fransız Polineziyası xalqına yad dəyərlər tətbiq edib, onların unikal mədəniyyətini və dini kimliyini silməyə çalışıb.

"Biz polineziyalılar elə şəraitdə yaşayırıq ki, mədəniyyətimiz və adət-ənənələrimiz arxa plana keçir. Adət və inanclarımıza məhəl qoymayaraq bizə Avropa standartları tətbiq edildi, bu da mədəni yoxsullaşmaya və şəxsiyyətimizin itirilməsinə səbəb olub", – o deyib.

"Nazione" (Korsika) müstəqillik hərəkatının üzvü Fransua Benedetti isə çıxışında bildirib ki, Fransa xüsusilə Korsika ilə bağlı müstəmləkə cinayətlərini etiraf etməli və tarixi ədalətsizlikləri düzəltməlidir.

"Qarşılaşdığımız problemlər haqqında danışmaq üçün buradayıq. Ancaq hər şeydən əvvəl mən burada mübarizədəki bütün qardaşlarımla - Karib hövzəsi, Qviana, Cənubi Sakit okean hövzəsi və fransız, holland və digər müstəmləkəçilik növlərindən əziyyət çəkən digər ölkələrlə həmrəyliyimi ifadə etmək üçün buradayam", - Fransua Benedetti əlavə edib.

Eyni zamanda "Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi" (NCMCP) assosiasiyasının prezidenti Mariya İzabella Saliqa qeyd edib ki, Fransanın müstəmləkəçilik siyasəti müstəmləkə zülmünə məruz qalmış xalqların mədəniyyət və adət-ənənələrinin tamamilə məhv edilməsinə səbəb olmuş, bu ölkələrdə hələ də hiss olunan dərin tarixi sarsıntılar buraxmışdır.

"Biz zorakılıqla Fransanın bir hissəsi olduq və bu alçaqlıqların, sərvətlərin oğurlanmasının, dərman bitkiləri haqqında biliklərin məhv edilməsinin və müstəmləkəçiliyin maraqlarına xidmət edən çirklənmə və iqtisadi inkişaf yolu ilə manipulyasiyaların ağır yükünü hələ də daşıyırıq", - o bildirib.

Reyunyon nümayəndəsi Sedrik Famibelle-Pronzola isə çıxışında vurğulayıb ki, Fransa məcburi assimilyasiya yolu ilə yerli mədəniyyətləri məhv etməyə davam edir.

“Təsadüfi deyil ki, Fransada assimilyasiya prosesi məhz müstəmləkələrdə başlayır, burada bizə fransız tarixi, coğrafiyası və dili öyrədilirdi, lakin mədəniyyətimiz və dilimiz haqqında heç nə yoxdur”, - o deyib.

Əlavə olaraq Dekolonizasiya və Sosial Azadlıq Hərəkatının üzvü (Fransız Qvianası) Dominik Monte deyib ki, Fransanın müstəmləkəçilik siyasəti xalqların dini və milli kimliyinin məhvinə gətirib çıxardı, onları təkcə azadlıqdan deyil, həm də mahiyyətindən məhrum edib.

"Müstəmləkəçilik sistemi xalqların sərvətlərini oğurlamaqla yanaşı, onları mədəniyyətdən, adət-ənənələrdən, dillərdən məhrum etdi. Biz təkcə azadlığımızı yox, kimliyimizi də itirdik. Bizə nə ad, nə mədəniyyət, nə adət-ənənə qoyub getdilər. Bizə yad dəyərlər təlqin edildi və biz öz tarixini və mədəniyyətini bizə həvalə edən cəmiyyətin bir hissəsi olduq ", - o deyib.

Daha sonra Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Müstəmləkəçilik: dini-milli kimliyin məhvi” mövzusunda beynəlxalq konfrans çərçivəsində fransız müstəmləkəçiliyinin zorakılıq, zülm və yerli xalqların mədəni ənənələrinin itirilməsi kimi nəticələrini əks etdirən sərgi keçirilib.

Eyni zamanda beynəlxalq konfrans çərçivəsində Bakıda müstəmləkə rejiminə qarşı mübarizə aparanlara dəstək məqsədilə fleşmob keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti