...

Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın birinci günü başa çatıb (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 26 May 2025 16:43 (UTC +04:00)
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın birinci günü başa çatıb (FOTO) (YENİLƏNİB)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Beynəlxalq İslamofobiya ilə Mübarizə Gününün 3-cü il dönümünə həsr olunmuş “İslamafobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfransın birinci günü başa çatıb.

Trend xəbər verir ki, tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunub.

Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub.

Konfransın beynəlxalq tərəfdaşları G20 Dinlərarası forumu (IF20), ISESCO, İslam Əməkdaşlıq Təşkilatı, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan qardaşlığı ali komitəsi (HCF), Müsəlman Ağsaqallar Şurası, Almaniya müsəlmanlarının mərkəzi şurası, EULEMA – Avropa müsəlman liderləri şurası, və Beynəlxal Müsəlman Forumudur.

Beynəlxalq konfransın keçirilməsində məqsəd müsəlmanlara və müsəlman əhalisi olan ölkələrə qarşı həm beynəlxalq, həm də milli səviyyədə yönəlmiş narahatedici tendensiyaların müzakirəsi üçün akademik platforma yaratmaqdır.

Konfransda təxminən 40 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək.

Tədbirdə “İslamofobiyada qlobal trendlər: Çağırışlar və cavablar”, “Siyasətdə müsəlmanlara qarşı nifrət: Hüquqi çərçivələr və vəkillik strategiyaları”, “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər”, “İslamofobiya media və rəqəmsal platformalarda: Süni intellekt sistemləri islamofob qərəzi necə yaya və gücləndirə bilər”, “Qadınlar, kimlik və stereotiplər: Dini və mədəni önyarğıların kəsişməsində naviqasiya”, “Avropada müsəlmanlara qarşı qanunvericiliyin institusionallaşdırılması: İslamofob təbliğatın radikallaşması fonunda müsəlmanlara qarşı ritorika”, “Dəyişən dünyada İslam mədəni irsinin qorunması”, “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzularında müzakirələr aparılacaq.

Qeyd edək ki, Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü hər il 15 mart tarixində qeyd olunur. Bu günün təsis olunması ilə bağlı qərar ilk dəfə 2020-ci il noyabrın 27–28-də Niger Respublikasının Niamay şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilib. BMT-nin Baş Assambleyası isə 2022-ci ildə 15 mart tarixini rəsmi olaraq Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan edib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev tədbirdə çıxış edərək bildirib ki, İslamofobiya qlobal sabitlik və birliyə ciddi təhlükə törədir, beynəlxalq təhlükəsizliyə və əməkdaşlığa xələl gətirir.

Onun sözlərinə görə, İslamofobiya təkcə müsəlmanlara qarşı yönəlmiş nifrət və ya qorxu deyil, həm də Qərbin Şərqə baxışını formalaşdıran və nəticədə, müsəlmanlar barədə təhrif olunmuş təsəvvürlər yaradan ideoloji strukturdur:

"Bu yanaşmanın əsasında Eduard Səidin “Orientalizm” (Şərqşünaslıq) əsəri dayanır. Eduard Səid göstərirdi ki, Qərb Şərqi çox vaxt “geridə qalmış” və “təhlükəli” kimi təqdim edir. Bu yanaşma təkcə elm və mədəniyyətdə deyil, həm də siyasi və iqtisadi güc münasibətlərində özünü göstərir. Bu yanaşmanın məqsədi Şərqi anlamaq deyil, onu nəzarət altına almaqdır".

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə isə qeyd edib ki, İslam dini adından siyasi məqsədlər üçün istifadə edənlərə qarşı mübarizə aparmalı, fəallıq göstərməliyik.

A.Paşazadə bildirib ki, Azərbaycanda dinə dövlət səviyyəsində xüsusi diqqət var.

“Prezident İlham Əliyev İslam dəyərlərini beynəlxalq miqyasda müdafiə edib. Azərbaycanın Ərəb Liqasına, İslam Əməkdaşlıq Təşkilatına göstərdiyi dəstək yüksək qiymətləndirilir. İslam adından siyasi məqsədlər üçün istifadə edənlərə qarşı mübarizə aparmalı, fəallıq göstərməliyik.

Fransa, İsveç, Danimarkada müsəlmanın diskriminasiyası adi hal alıb. Quranın yandırılması Qərbdə yeni dövrün reallığı kimi qiymətləndirilir", - deyə sədr qeyd edib.

Əlavə olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, İslamofobiya təkcə sosial bir bəla deyil, eyni zamanda, böyük bir problemdir.

Rəvan Həsənov islamafobiyanın ayrıseçkilik yaratdığını və qarşıdurmalara səbəb olduğunu bildirib.

"Buna misal olaraq Hindistanda baş verən hadisələri, Fransada müşahidə olunan islamofob yanaşmaları göstərmək olar. Bu səbəbdən biz bu mövzuya münasibət bildirərkən düzgün formada fikir bildirməli və təsirli yanaşma tərzi seçməliyik ki, nəticə faydalı və dərin məzmunlu olsun", - deyə icraçı direktor qeyd edib.

BMT baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi və BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos isə öz növbəsində qeyd edib ki, müsəlmanlar institusional ayrı-seçkiliklə üzləşirlər.

“Müsəlmanlar institusional ayrı-seçkilik və sosial-iqtisadi məhdudiyyətlərlə qarşılaşırlar. Bu önyarğılar müsəlmanların damğalanmasında və əsassız şəkildə irqi əsasda təqib olunmasında özünü göstərir, KİV vasitəsilə yaradılan təhrif olunmuş obrazlar, eləcə də, bəzi siyasi liderlərin ritorikası və siyasəti ilə qidalanır”, – deyə o bildirib.

Moratinos vurğulayıb ki, bütün dünyada insanlar öz dinlərini qorxu hissi olmadan dinc şəkildə yaşamalı və ifadə etməlidirlər.

“Dünya üzrə dini icmalar hücumlara məruz qalır. Bütün ibadət məkanları sığınacaq olmalıdır, zorakılıq və qanın axıdıldığı arenaya çevrilməməlidir”, - deyə o bildirib.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, İslama hücum mahiyyət etibarilə bütün dinlərə edilən hücumdur.

O bildirib ki, islamofobiya qlobal təhlükəsizliyə təhdiddir.

“İslama bəzən güclü terroizm aktı kimi baxılır. İslamofobiya ilə mübarizə dərin şəkildə aparılmalı, onun kökləri araşdırılmalıdır. Ölkələrin müsbət təcrübələrindən yararlanmalıyıq ki, Azərbaycanda da bu modeli təşviq edə bilək.

Bu gün bütün dinlərin nümayəndələri Azərbaycanda özünü rahat hiss edirlər. Ölkıdə islamofobiya ilə mübarizədə ciddi işlər görülür. Ermənistan işğalı dövründə Azərbaycanın xeyli sayda dini abidələr məhv edilib", - deyə R.Məmmədov qeyd edib.

İƏT baş katibi İbrahim Tahanın də öz növbəsində bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın islamofobiya ilə mübarizədə kollektiv səylərin möhkəmləndirilməsinə olan dəyişməz sadiqliyini yüksək qiymətləndirir.

“Azərbaycan Respublikası mütəmadi olaraq belə yüksək səviyyəli beynəlxalq konfranslar keçirməklə nümunəvi liderlik nümayiş etdirir”, - deyə o qeyd edib.

H.İ.Tahanın sözlərinə görə, bu cür tədbirlər islamofobiyanın və hər cür ksenofobiyanın kökündən yolverilməz olduğunu, dini önyarğılardan qidalanan nifrət və dözümsüzlüyün isə xüsusilə dağıdıcı zorakılığa çevrilə biləcəyini xatırladan həyati əhəmiyyətli bir ismarıcdır.

“Ümid edirik ki, bu konfrans xüsusilə dünyanın bir çox regionlarında islamofobik insidentlərin artması, nifrət zəminində törədilən cinayətlərin, təqiblərin və sistemli ayrıseçkiliyin çoxalması fonunda bu bəla ilə mübarizədə konkret nəticələrə gətirib çıxaracaq”, - deyə baş katib vurğulayıb.

Əlavə olaraq Qətərin təhsil nazirinin müavini,Dinlərarası dialoq üzrə Doha Beynəlxalq Mərkəzinin sədri İbrahim Saleh Əl-Naimi vurğulayıb ki, İslamafobiya ilə mübarizə dərin maarifləndirici iş tələb edir.

Onun sözlərinə görə, islamofobiyanın yayılmasına İslam dininə aid təhrif olunmuş mətnlərin tərcümələri, qərəzli media və radikal siyasi ritorika səbəb olur. Bu, anlaşılmazlıq, nifrət və zorakılığa — ayrı-seçkilikdən tutmuş Kraystçörçdə 51 müsəlmanın qətlə yetirildiyi terror aktına qədər — gətirib çıxarır.

“Quranın təhqir olunması ilə bağlı ictimai hərəkətlər, məsələn, 2023-cü ilin iyununda İsveçdə baş vermiş (Quran) yandırma hadisəsi də ciddi narahatlıq doğurur. Bu cür əməllər cəmiyyətlərdə aqressiyanı və parçalanmanı dərinləşdirir”, - deyə o bildirib.

KAICIID (Dinlərarası və Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq Mərkəz) baş katibi vəzifələrini icra edən Antoniu de Almeyda-Ribeyru isə öz növbəsində qeyd edib ki, Rəqəmsal məkan islamofob ritorikanın yayılması baxımından güclü alətə çevrilib.

“İslamofobiya yeni bir hal olmasa da, günümüzdə daha da güclənməkdədir. Bu, sistematik bir problemə çevrilib ki, bunu dünyanın hər yerindən daxil olan çoxsaylı məlumatlar və sübutlar təsdiqləyir.

Antoniu de Almeyda-Ribeyrunun sözlərinə görə, ayrı-seçkilik xarakterli tədbirlərin artması və internetdə dini nifrətin ən təhlükəli sürətləndiricilərindən birinə çevrilmiş ədavətli fikirlərin narahatedici səviyyədə çoxalması müşahidə olunur. Rəqəmsal məkan radikal ritorikanın yayılması üçün güclü bir alətə çevrilib, institutların reaksiyası isə kifayət qədər operativ olmadığından, icmalar daha da həssas vəziyyətə düşür.

"KAICIID-də bizim missiyamız dinlər və mədəniyyətlərarası dialoqu nifrət ritorikasına, dini ayrı-seçkiliyə və zorakılığa çağırışlara qarşı çevik güc kimi istifadə etməkdir", - deyə baş katibin səlahiyyətlərini icra edən şəxs vurğulayıb.

Xəbər lenti

Xəbər lenti