Bakı. Trend:
BMT-nin Uşaq Hüquqları Komitəsi (CRC) və Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) tövsiyələrinin icrası məqsədilə yaradılan işçi qrupun növbəti iclası keçirilib. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Birləşmiş Millətlər Təşkilatının CRC və CEDAW Komitələrinin Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin icra vəziyyəti müzakirə edilib.
Trend xəbər verir ki, çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, son beş ildə həm Uşaq Hüquqları Konvensiyası, həm də Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə Konvensiyanın icrası ilə bağlı Azərbaycanın dövri hesabatlarının yüksək səviyyədə təqdim olunduğunu deyib. O, bu hesabatlarda ölkənin müvafiq sahələrdə fəaliyyətinin bütün istiqamətlərinin konkret rəqəmlər, yeni mexanizmlər və qanunvericilikdə aparılan islahatlarla əhatəli şəkildə əks etdirildiyini qeyd edib.
Komitə sədri CRC və CEDAW tövsiyələri üzrə görülən işlərin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini bildirib. O, Dövlət Komitəsi yanında aidiyyəti dövlət qurumlarının rəhbər və mütəxəssislərinin təmsil olunduğu iki İşçi Qrupun yaradıldığını və mütəmadi iclasların keçirildiyini diqqətə çatdırıb.
Sədr qeyd edib ki, qarşıda duran çətinlikləri aradan qaldırmaq və ölkənin qoyduğu strateji hədəflərə uyğun fəaliyyət istiqamətlərini formalaşdırmaq üçün birgə müzakirələrin aparılması və səylərin birləşdirilməsi vacibdir.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva CRC tövsiyələrindən irəli gələn məsələlərin icra vəziyyətinə dair təqdimatla çıxış edib. O, Komitə tövsiyələrini 13 kateqoriya üzrə təqdim edərək, ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən tədbirləri və bir sıra prioritet istiqamətləri vurğulayıb.
Dövlət Komitəsinin Qadın və Gender məsələləri şöbəsinin əməkdaşı Sədaqət Rəhimova CEDAW tövsiyələri ilə bağlı təqdimatla çıxış edərək, son 3 il ərzində müxtəlif istiqamət üzrə görülmüş işlər və qanunvericilkdə edilmiş müsbət dəyişiklikləri diqqətə çatdırıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, ədliyyə nazirinin müavini Mübariz Əhmədov, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri çıxış edərək, qanunvericilik, strategiya, əlaqələndirmə, uşaq ədliyyəsi, təhsil, sağlamlıq və səhiyyə xidmətləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi, uşaqların ekoloji sağlamlığı və digər məsələlərlə bağlı fikirlərini səsləndiriblər.
İclas zamanı hər iki komitənin tövsiyələrində əksini tapmış prioritet istiqamətlər, aparılmış islahatlar, müvafiq dövlət qurumları tərəfindən görülmüş işlər, həmçinin mövcud çətinliklər və gələcək addımlar ətrafında fikir mübadiləsi aparılıb, uşaq və qadın hüquqlarının müdafiəsi istiqamətində milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı müzakirələr edilib.
