Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları — Ruslan Salmanov, Elmar Orucov, İlqar Həsənov, Raminə Abdullayeva və İlqar Salmanlı Agentlik yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin fəaliyyətinin daha səmərəli təşkili məqsədilə Qazaxıstan Respublikasına səfər ediblər.
Trend xəbər verir ki, səfər Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli 320 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”dan irəli gələrək beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilib.
Nümayəndə heyəti səfər çərçivəsində Qazaxıstan Respublikasının Su Ehtiyatları və İrriqasiya nazirinin müavini Aslan Abdraimov, aidiyyəti departament rəhbərləri və tabeli qurumların mütəxəssisləri ilə bir sıra görüşlər keçirib.
Görüşlər zamanı suların istifadəsi və mühafizəsi sahəsində təqdimatlar keçirilib, su və su təsərrüfatı obyektlərinin, eləcə də suların monitorinqi, uçotu, kadastrı və reyestri üzrə mövcud mexanizmlər ətraflı müzakirə olunub. Həmçinin nəzarət sistemi və qanunvericilik çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Qazaxıstan tərəfi görüşləri yüksək qiymətləndirərək müvafiq sahədə Azərbaycan təcrübəsinin də onlar üçün əhəmiyyət daşıdığını bildirib.
Sonda tərəflər su ehtiyatlarının idarə olunması sahəsində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi təşəbbüsü ilə çıxış ediblər.
Qeyd edək ki, səfər çərçivəsində Qazaxıstan rəsmiləri ilə görüşlər davam etdiriləcək.