Bakı. Trend:
Ötən ilin dekabr ayından etibarən Azərbaycan və Ermənistan arasında post-münaqişə dövründə normallaşma prosesində əhəmiyyətli tərəqqi əldə edilib və cari ilin 8 avqust tarixində keçirilmiş tarixi Vaşinqton Sülh Sammiti ilə ən yüksək səviyyəyə çatıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.
Nazir xatırladıb ki, sözügedən sammit nəticəsində şahid qismində ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmaqla Azərbaycan və Ermənistan ölkə başçıları arasında Birgə Bəyannamə qəbul edilib:
“Tərəflər münaqişənin artıq keçmişdə qaldığını, ona heç bir şəkildə geri dönməyəcəklərini, mövcud reallığa əsaslanaraq, mehriban qonşuluq münasibətləri qurmağa başlayacaqlarını təsdiqləyiblər.
Sammit çərçivəsində mən və erməni həmkarım cari ilin mart ayında yekunlaşan ikitərəfli danışıqların davamı olaraq Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini parafladıq.
Bundan əlavə, erməni həmkarımla birlikdə, 2020-ci ildə münaqişənin həllindən sonra həmin mexanizmlərə artıq ehtiyac qalmadığına dair qarşılıqlı anlayışın göstəricisi qismində, ölkələrimiz arasında münaqişənin nəticələrinin aradan qaldırılması üçün vaxtilə yaradılmış ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların bağlanması ilə bağlı birgə müraciəti imzaladıq. Nazirlər Şurasının müvafiq qərarının operativ qəbuluna görə Finlandiya sədrliyinə, ATƏT Baş katibinə, ATƏT Katibliyinə və iştirakçı dövlətlərə təşəkkür edirəm”.
