...

İnformasiya müharibəsinin güclü aktorları - diaspora müasir yanaşma (FOTO)

Siyasət Materials 19 Dekabr 2025 14:10 (UTC +04:00)
İnformasiya müharibəsinin güclü aktorları - diaspora müasir yanaşma (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ortaq hədəflər, vahid strategiya

Müasir dövrdə diaspor təkcə mədəni icma deyil, daha çox qlobal güc platforması, iqtisadi və elmi güc mərkəzidir. Diasporun daha da güclənməsi təsadüfən baş vermir, bu, müəyyən mexanizmlər, şərtlər və strategiyalar əsasında formalaşır. Xaricdəki icmaların ortaq hədəflərinin və vahid strategiyasının olması onun fəaliyyəti üçün uyğun, aydın və professional çərçivədir. Azərbaycan diasporu bu professional çərçivə daxilində necə çalışır?

Xaricdəki Azərbaycan icmalarının üzvləri arasında fərqli dini, siyasi və etnik baxışlar mövcud ola bilər. Əsas məqsəd diasporun ortaq hədəflərinin müəyyənləşdirilməsi və vahid strategiya əasında inkişafına nail olunmasıdır. Ortaq hədəflər və vahid strategiyanın təməl prinsipləri nələrdir?

- çoxsaylı mədəniyyətlər qarışıqlığında milli-mədəni varlığın qorunması

- ikinci və üçüncü nəsil diasporun itirilməməsi, onlara ana dilinin, tarix və mədəniyyətin aşılanması

- yaşadıqları ölkələrdə icma üzvlərinin hüquqlarının qorunması

- iqtisadi və sosial dayanışma

- siyasi fikir fərqlilikləri əvəzinə ortaq məqsədlərin ön plana çıxarılması

- ana vətənlə əlaqələrin intensivliyi

- diaspor fəaliyyətində liderliyin gücləndirilməsi və s.

Həyata keçirilən layihələr, diaspor quruculuğu mexanizmi ortaq hədəflər fonunda

Ortaq hədəflər əsasında və vahid strategiya çərçivəsində işləmək diasporu qlobal şəbəkəyə çevirir, icmalaşma prosesini qüvvətləndirir, koordinasiyalılıq, davamlılıq, təsir gücü yaradır.

Diasporla İş üzrə Dövlət Komitəsinin ixtisaslaşmış forumlar layihəsi məhz bu məqsədlərə xidmət edir və konkret nəticə yaradır.

Komitə son illər xaricdə yaşayan həkimlərin, alimlərin, mühəndislərin, gənclərin, tələbələrin, mədəniyyət xadimlərinin forumlarını təşkil edib. Forumlar bir sıra ölkələrdə, o cümlədən ABŞ-də, Avropanın müxtəlif ölkələrində, Türkiyədə və Azərbaycanda keçirilib, xaricdəki icmalar arasında, eləcə də ölkə ictimaiyyəti içərisində böyük maraq yaradıb və rəğbət qazanıb.

Layihə getdikcə daha çox sahəni əhatə edir, eyni sahəni təmsil edən insanların müxtəlif platformalarda birləşmələrinə, ortaq layihələr həyata keçirmələrinə təkan verir. Forumlar diaspor arasında şəbəkələşmə, əməkdaşlıq, peşəkar inkişaf və motivasiya imkanlarını daha da genişləndirir, diasporun bilgi və təcrübə mübadiləsinə şərait yaradır.

İxtisaslaşmış forumların vəzifələri

- diasporun və konkret sahəni təmsil edən diaspor üzvlərinin ortaq problemlərini müəyyən etmək

- diaspor fəaliyyətinə yeni başlayanlara dəstək göstərilməsi

- işbirliyini artırmaq

- kollektiv qərarvermə mexanizmi yaratmaq

- ortaq düşüncə platforması formalaşdırmaq

- davamlı əlaqə platformaları yaratmaq

- təcrübə mübadiləsi

- ortaq konfranslar təşkil etmək

- qütbləşmələrdən qaçış

- dialoq mədəniyyətini inkişaf etdirmək

- diasporun akademik elitasını birləşdirmək

- Diaspor İnvestisiya Fondunun yaradılması ideyasını formalaşdırmaq

İxtisaslaşmış forumların müzakirə predmeti

Bu günə kimi keçirilən forumlarda konkret sahələrə aid problem və çətinliklər müzakirə olunub, müasir biliklər paylaşılıb, çıxış yolları axtarılıb. Hər bir ixtisaslaşmış forumda seçilən mövzular yeni dövrün tələblərini əhatə edir, müasir dünya düzəninə tamamilə uyğundur.

Müşahidələr göstərir ki, ixtisaslaşmış forumlar konkret mövzu çərçivəsində qızğın elmi müzakirələrin aparılması ilə, həmçinin dialoq mədəniyyəti çərçivəsində keçirilir, diaspor fəaliyyətinə yeni baxış bucağının formalaşması və bəyanatların qəbulu ilə yekunlaşır.

Qənaət

Gələcəyin diasporu qlobal şəbəkə gücünə malik olan, bilik, innovasiya, siyasi-iqtisadi əlaqələr, mədəniyyət diplomatiyası vasitəsilə Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən, tamamilə inteqrasiya olunan qüvvəyə çevrilməlidir. Gələcəyin diasporu, həmçinin strateji üstünlüklərə malik olmalı, beynəlxalq informasiya müharibəsində professional rol almağı bacarmalıdır.

Diasporla İş üzrə Dövlət Komitəsi diasporun ayrı-ayrı təbəqələrinə yönələn, onları vahid platformalarda birləşdirən layihələri həyata keçirməklə həm sosial, həm texnoloji, həm də siyasi proseslərlə bağlı olan, vahid diaspor şəbəkəsində birləşə bilən gələcəyin diasporunun formalaşmasına ciddi təkan verir. Forumlar əvvəldə qeyd olunan vəzifələrin icrasını təmin edir, doğru mövzuların dəqiq müzakirəsinə nail olur.

Bu günə kimi Azərbaycan da daxil olmaqla bir neçə ölkədə keçirilən ixtisaslaşmış forumlar diaspor üçün böyük bir prosesin başlanğıcı və yeni bir sistemin yaradılmasının rüşeymidir. Forumlar xaricdəki həkimlər, alimlər, mühəndislər, İT mütəxəssisləri və gənclər arasında beynəlxalq əməkdaşlıq platformaları yaradır. Nəticədə eyni sahəni təmsil edən insanlar peşəkar müzakirələr aparmaqla hədəflərini dəqiq müəyyən edir, doğru qərarların qəbulu və gələcək planlar üçün təqvim qurulmasına nail olur, diaspora yeni baxış bucağı formalaşdırır, xaricdəki Azərbaycan icmalarının zamanla qlobal gücə çevrilməsinə ciddi təkan verir.

Diqqəti çəkən vacib məqamlardan biri ixtisaslaşmış forumların populizmdən, hər növ şou elementlərindən uzaq olması, real, düşünülmüş, elmi əsaslı müzakirə platformasına çevrilməsidir.

Beləliklə, eyni platformalarda birləşmək icma üzvlərini ortaq hədəflərə, vahid strategiyaya kökləyir, onların yaşadıqları ölkələrlə bərabər, Azərbaycana dəyər verən, çoxistiqamətli investisiya körpüləri yaratmağı bacaran qlobal aktor kimi rolunu gücləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti