Bakı. Trend:
İki ölkə arasında ticarət dövriyyəsinin həcmi mövcud potensialı hələ tam əks etdirmir. Bununla belə, Monteneqro iqtisadiyyatına yatırılan investisiyaların həcmi təxminən 1 milyard ABŞ dollarına yaxındır və bu vəsaitlər əsasən turizm sahəsini əhatə edir.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov monteneqrolu həmkarı Ervin İbrahimoviç ilə keçirilən brifinqdə deyib.
Nazirin sözlərinə görə, Azərbaycanla Monteneqro arasındakı münasibətlər iki dost ölkə və xalq arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan əlaqələrdir:
"Bu münasibətlər artıq onilliklərdir ki müxtəlif sahələr üzrə uğurla inkişaf edən əməkdaşlıqla xarakterizə olunur".
O bildirib ki, iki ölkənin Xarici İşlər nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələr aparılır. Hazırda Monteneqro ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 22 saziş mövcuddur.
