Bakı. Trend:
Azərbaycanın Meksikadakı Səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.
Trend xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçioakan, Quanaxuato, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur.
“Vətəndaşlarımızdan ayıq-sayıq olmaları, şəxsi təhlükəsizlik qaydalarına əməl etmələri, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmaları, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləmələri xahiş olunur”, - məlumatda vurğulanıb.
Qeyd edilib ki, Meksikadakı Azərbaycan Səfirliyinin Konsulluq şöbəsinin qaynar xətt nömrələri bunlardır: +52 5511 907 092; +52 5555 404 109
Qeyd edək ki, Meksikanın bir neçə regionunda “Xalisko Yeni Nəsil” (CJNG) narkokartelinin “El Menço” ləqəbli başçısı Nemesio Oseqera Servantesin məhv edilməsindən sonra avtomobil yollarının kütləvi şəkildə bağlanması, maşınların və kommersiya müəssisələrinin yandırılması qeydə alınıb.
Əməliyyat Talpa-de-Alyende bələdiyyəsində (Xalisko ştatı) keçirilib. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə cavab olaraq ölkənin altı regionunda kartel üzvləri avtomobil yollarını bağlayıblar.
Servantes “El Çapo” ləqəbli Xoakin Qusmanın həbsindən sonra ölkənin ən güclü narkobaronu hesab edilirdi. Kartel narkotrafikin böyük hissəsinə nəzarət edir və Meksikanın bir çox ştatında fəaliyyət göstərir.
