Bakı. Trend:
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri yazıldı. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törətdi.
Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, bu faciə yalnız bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının tarixinə yazılmış ağır bir soyqırımdır, insanlıq tarixinin qara səhifəsidir:
“Həmin gecə şəhəri tərk etməyə çalışan dinc sakinlər, o cümlədən uşaqlar, qoclar, qadınlar qəddarcasına pusquya salındı və amansızlıqla atəşə tutuldu, qətlə yetirildi və ya əsir götürüldü. Şəhərdə qalan minlərlə insan qadın, uşaq və qocalardan ibarət idi. Onların bir qismi dağlarda şaxtadan donaraq həyatını itirdi.
Rəsmi məlumatlara görə, soyqırımı nəticəsində 613 nəfər öldürüldü. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl idi. 8 ailə tamamilə məhv edildi, yüzlərlə uşaq valideynlərindən birini və ya hər ikisini itirdi, yüzlərlə insan şikəst oldu və əsir götürüldü. 150 nəfərin taleyi bu günə qədər məlum deyil.
Xocalı şəhəri yerlə-yeksan edildi – minlərlə yaşayış evi, məktəblər, mədəniyyət ocaqları dağıdıldı, tarixi abidələr və qəbiristanlıqlar vandalizmə məruz qaldı”.
A.Həsənova vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Xocalı faciəsini “bütün bəşəriyyətə qarşı tarixi cinayət” adlandırmışdı:
“Ümummilli liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi.
Eyni zamanda, BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası soyqırımının hüquqi anlayışını müəyyən edir. Xocalıda baş verən hadisələr həmin Konvensiyada təsbit edilən bütün elementlərə – qəsdən öldürmə, ağır fiziki və mənəvi zərər yetirmə, xüsusi niyyətlə milli qrupu məhv etməyə yönəlmiş hərəkətlərə tam uyğundur.
Azərbaycanda aparılan istintaq materialları da Xocalıda mülki əhaliyə qarşı törədilmiş cinayətlərin soyqırım tərkibli olduğunu təsdiqləyir”.
Deputat bildirib ki, Xocalı soyqırımı bu günə qədər 18 ölkənin parlamentləri və ABŞ-ın 24 ştatı tərəfindən tanınmışdır:
“2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilən qətnamədə də Xocalıda törədilmiş cinayətlər soyqırım kimi qiymətləndirilib.
“Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə kampaniyasının təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olmuşdur. 2008-ci ildən fəaliyyət göstərən bu kampaniya Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm rol oynayır. Yüz minlərlə insan və yüzlərlə təşkilat bu təşəbbüsə dəstək verir”.
A.Həsənova vurğulayıb ki, 2020-ci il Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqları azad etdi:
“2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda Dövlət Bayrağını ucaltdı. Bu, təkcə siyasi hadisə deyil, həm də tarixi ədalətin təntənəsi idi. Şəhidlərimizin qanı yerdə qalmadı.
Hər il fevralın 26-da saat 17:00-da ölkə üzrə sükut dəqiqəsi elan olunur. Bakıda “Ana harayı” abidəsi önündə keçirilən anım mərasimi xalqımızın həmrəyliyini nümayiş etdirir.
2025-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması qərara alınıb. Bu kompleks həm faciə qurbanlarının xatirəsini əbədiləşdirəcək, həm də gələcək nəsillərə tarixi həqiqətləri çatdıracaq.
Bu gün Xocalı şəhəri və kəndlərində həyat yenidən canlanır. 2026-cı ilin yanvar ayınadək minlərlə soydaşımız doğma torpaqlarına qayıdıb. Bu, tariximizin faciəli səhifəsinin üzərində qurulan yeni həyatın, dirçəlişin və ümidin simvoludur.
Xocalı soyqırımı təkcə faciə deyil – bu, ədalət uğrunda davam edən mübarizənin adıdır. Bizim borcumuz bu həqiqətləri dünyaya çatdırmaq, şəhidlərimizin xatirəsini daim uca tutmaq və gələcək nəsillərə tarixi unutmamağı öyrətməkdir”.
