...

İRƏVAN HƏQİQƏTLƏRİNİ TƏSDİQLƏMƏK ÜÇÜN AZƏRBAYCANLILAR BRÜSSELDƏ "RƏVAN HÖKUMƏTİ" YARADACAQ

Siyasət Materials 28 İyun 2005 18:08 (UTC +04:00)

Vaxtilə Azərbaycan ərazisi olmuş İrəvanda yaşayan azərbaycanlıların doğma yerlərindən qovulmasını və bu ərazilərin məhz azərbaycanlılara məxsus olduğunu sübuta yetirmək məqsədilə "Rəvan hökuməti" qurulması üçün təşəbbüs göstəriləcək. Bu barədə Trend agentliyinə Dünya və Türk İş Adamları Birliyinin sədr müavini, tarixçi-araşdırmaçı alim Əlikram Ələkbərov məlumat verib. O, bildirib ki, 19-cu əsrin əvvəllərinə qədər mövcud olmuş İrəvan xanlığının tarixini araşdırarkən məlum olur ki, o torpaqlarda yaşamış yerli sakinlər, yəni, azərbaycanlılar "Rəvan türkləri" adını daşıyıblar. Həmin dövrdə İrəvanda bir erməni də olmayıb. İrəvandan qovulan və Türkiyə ərazisinə pənah aparan azərbaycanlıların sənədlərində də millətinin adı və hansı ərazidən olması əksini tapıb. Ə.Ələkbərov bildirib ki, bu faktları əks etidən sənədləri İstambulun baş bakanlığının arxivindən çıxarıb.

"Osmanlı İmperiyasının arxivindən əhalinin siyahıyaalma dəftərlərini çıxarmışam. Türkiyə hökmdarı qanuni Sultan Süleyman dövründə aparılan bu qeydiyyatlarda İqdırda və digər ərazilərə məskunlaşayan İrəvan azərbaycanlılarının şəxsiyyət vəsiqəsində "rəvan türkü" yazılıb. Bu sənədləri Azərbaycan Əlyazmalar İnstitutun rəhbərinə də təqdim etmişəm" -deyə tarixçi alim bildirib.

Onun sözlərinə görə, Türkiyənin İqdır vilayətində yaşayan, vaxtilə İrəvandan və digər qədim torpaqlarımızdan köçkün düşmün soydaşlarımız öz tarixi vətənlərindən çıxarılmalarını sübuta yetirmək istəyirlər. Bu məqsədlə də şəxsiyyət vəsiqəsində "Rəvan türkü" yazılmış 1000-dən çox şəxs bir araya gəlib. İqdır vilayətinin bələdiyyə başqanı Nurəddin Araz "Rəvan türkləri Dayanışma Dərnəyi" yaradıb. Ə.Ələkbərovun sözlərinə görə, hazırda İqdırda yaşayanların əksəriyyəti İrəvandan qovulmuş azərbaycanlılardır.

Ə.Ələkbərov bildirib ki, irəvanlı türkləri birləşdirən qurum BMT-yə müraciət edərək bu tarixi faktlarla bağlı iddia irəli sürəcək. Həmin şəxslərin vaxtilə yaşadıqları və indi Ermənistan adlanan ərazilərdə nə qədər torpaqlarını, malı-mülkünü itirməsi barədə məlumatlar verəcəklər: "Bu qaçqınlar təkcə İqdırda deyillər, dünyanın müxtəlif yerlərinə səpələniblər. Ona görə də çalışırıq ki, bütün sənədləri, faktları toplayaq və Brüsseldə "Rəvan Hökuməti" quraq. Brüsseldəki "Azərbaycan-Belçika Evi"nin rəhbəri Bülənt Gürcam Rəvan hökumətinin qurulması, Brüsseldə tanınması məsələlərini öz üzərinə götürüb. İrəvan xanlığının sonuncu xanı Həsən xanın nəvəsi Turhan Turqut indi Brüsseldə yaşayır, iş adamıdır. Onun atası Hüseyn xan da general olub. Ona görə də iddia qaldırılacaq ki, vaxtilə mövcud olmuş İrəvan xanlığının varisi də var və ona görə "Rəvan hökuməti" qurulmalı və tanınmalıdır"-deyə Ə.Ələkbərov məlumat verib.

Xəbər lenti

Xəbər lenti