...

ŞƏXSİYYƏT VƏSİQƏSİ PROBLEMİNİN HƏLLİ ÜÇÜN PREZİDENTƏ MÜRACİƏT EDİLİB

Siyasət Materials 30 İyul 2005 14:08 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ölkə vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə təmin olunmaması problemi ilə əlaqədar prezident İlham Əliyevə müraciət edib. Bu barədə Trend ə Assosiasiyadan məlumat verilib. Müraciətdə deyilir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının "Şəffaf seçkilər" monitorinq mərkəzi və "Azərbaycanda Regional İnkişaf Mərkəzi" ilə birgə keçirdiyi tədqiqatları göstərib ki, ölkənin seçki hüququ olan bir milyondan çox vətəndaşı seçkilərdə iştirak etmək hüququ verən şəxsiyyət vəsiqəsi almayıb. Bu ilin iyul ayının sonuna qədər Bərdə, Goranboy, Gədəbəy, Xanlar və Tovuz rayonlarında seçicilərin 60%-dən çoxu şəxsiyyət vəsiqəsi almayıb.

Ağdaş, Aqstafa, Yevlax, Şəmkir və Yardımlı rayonlarında da potensial seçicilərin təxminən 50%-i şəxsiyyət vəsiqəsi almayıb. Respublikanın digər rayonlarında isə seçki hüququ olan, lakin şəxsiyyət vəsiqəsi almayan vətəndaşların sayı 30-40% təşkil edir. Orta hesabla isə ölkədə seçicilərin 35%-i bu günə qədər şəxsiyyət vəsiqəsi almayıb. Bu isə deputatlığa namizədlərin qeydiyyata alınmasına və onların imza toplamasına müxtəlif əngəllər törədir.

Prezidentə müraciətdə bildirilir ki, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi prosesinin zəif getməsinin səbəblərinbən biri Daxili İşlər Nazirliyinin müvafiq bölmələrinin bir sıra rayonlarda şəxsiyyət vəsiqələrinin paylanması sahəsində fəaliyyətinin qeyri-qənaətbəxş olmasıdır. Bir milyondan çox vətəndaşın şəxsiyyət vəsiqəsinin olmaması, həmçinin keçmiş sovet pasportlarının və 9 nömrəli arayış formasının hüquqi qüvvədən düşməsi deputatlığa namizədlərin dəstəklənməsi üçün imza toplanılması prosesində ciddi çətinliklər yaradıb.

Assosiasiya müraciətində təklif edir ki, DİN daxilində vəsiqələrin verilməsinin təşkili üzrə operativ qərargah yaradılmalı, onun tərkibində lazımi texniki vasitələrlə təchiz edilmiş zonal mobil qruplar fəaliyyət göstərməlidir. İmza toplanılması zamanı xarici pasportlardan, hərbi biletlərdən, 9 nömrəli arayış formasından, sürücülük vəsiqələrindən, keçmiş sovet pasportlarından və Seçki Məcəlləsinə uyğun olan digər sənədlərdən istifadə edilməsinə icazə verilməlidir. Həmçinin əhalinin bəzi təbəqələrinin madi vəziyyətini nəzərə alaraq aztəminatlı şəxslərə şəxsiyyət vəsiqəsinin güzəştli şərtlərlə verilməsi məqsədəuyğun olardı.

Xəbər lenti

Xəbər lenti