...

ƏFLATUN AMAŞOV: SEÇKİDƏ İŞTİRAK EDİB MƏTBUAT ŞURASININ BAŞLADIĞI İŞLƏRİ YARIMÇIQ SAXLAMAQ İSTƏMƏDİM

Siyasət Materials 6 Sentyabr 2005 15:25 (UTC +04:00)

"Mətbuat sahəsində görüləsi işlər, həllini gözləyən problemlər çoxdur, buna görə də parlament seçkisində iştirak etmək fikrindən daşındım". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Qeyd edək ki, Ə.Amaşov bu il noyabrın 6-da keçirilək parlament seçkisində namizədliyini irəli sürmək qərarına gəlmişdi. Lakin namizədlərin irəli sürülməsi mərhələsində Ə.Amaşov seçkiyə qatılmaqdan imtina etdi. Bunun səbəbləri barədə danışan Ə.Amaşov parlament seçkisində iştirak etməyə ciddi marağının olmadığını deyib.

Onun sözlərinə görə, parlamentdə təmsil olunsa, yalnız qanunvericilik sahəsində ciddi fəaliyyət göstərə bilər, Mətbuat Şurasında qarşıya qoyulan məqsədlərin, planların həyata keçirilməsi işində isə kənarda qalacaq: "Təəssüf ki, Azərbaycanda mətbu orqanların siyasiləşməsi, iqtisadi cəhətdən asılılığı, bəzən qeyri-peşəkarlığı kimi problemlər üzündən mətbuat cəmiyyətdə özünün əsil funksiyasını yerinə yetirə bilmir. Mətbuatının tam müstəqilləşməsi, siyasi sifarişlərdən uzaq olması, özünün maddi bazasını gücləndirməsi üçün xeyli islahatlar aparılmalıdır.

Bu məsələlərlə bağlı Mətbuat Şurasının qarşısında xeyli işlər, bir çox planlar dayanıb və onların həyata keçirilməsi uzun vaxt aparır. Amma seçkiyə qatılan namizəd seçki gününə qədər, təbliğat-təşviqat kampaniyası dövründə mütəmadi məşğul olur. Buna görə də Mətbuat Şurasının başladığı bu ciddi işləri yarımçıq saxlamaq istəmədim"-deyə Ə.Amaşov bildirib.

MŞ sədrinin sözlərinə görə, bu seçkidən sonra parlamentdə müəyyən yerlər boş qalacaq və yalnız bu halda o, sonradan vakant yerlərə keçiriləcək seçkidə iştirak edə bilər. Ə.Amaşov onu da bildirib ki, Mətbuat Şurası bu qurumun üzvü olan namizədlərə seçkidə dəstək verəcək, onların təbliğat kampaniyasında iştirak edəcək.

Bu sırada "Müstəqil Media-2005" seçki bloku da var. Ə.Amaşovun sözlərinə görə, parlament seçkisində iştirak edən media nümayəndələrinin hamısının birbaşa və bilavasitə Mətbuat Şurası ilə əlaqəsi olduğuna görə, onların seçkidə qələbə qazanması üçün MŞ öz köməkliyini göstərəcək.

Xəbər lenti

Xəbər lenti