"İctimai Liderlər" Birliyinin 6 noyabrda Milli Məclisə keçiriləcək seçkilərdə 61 nəfər namizədi iştirak edəcək. Trend in məlumatına görə, sentyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında "İctimai Liderlər" Birliyinin qeydiyyata alınmış namizədlərinin siyahısı açıqlanıb.
Birliyin Seçki Qərargahının rəhbəri məhərrəm Zülfüqarlı bildirib ki, "İctimai Liderlər" namizədliyini dəstəklədiyi 64 nəfərin siyahısını hazırlamışdı.
Bu siyahıda həm "İctimai Liderdər"in öz namizədləri, yəni, Birliyinin Koordinasiya Şurasının üzvləri, həm də bu quruma daxil olmayan kənar namizədlərin adları var.
Birliyin ümumilikdə dəstəklədiyi 64 nəfərdən 61 nəfərin namizədliyi qeydə alınıb. 3 nəfərdən ikisinin namizədliyi qeydə alınmayıb, Məhərrəm Zülfüqarlı isə özü seçkidə iştirakdan imtina edib.
Mətbuat konfransında Birliyin üzvü Osman Gündüz namizədliyini irəli sürdüyü 109 saylı Balakən seçki dairəsində üzləşdiyi problemlər barədə məlumat verib.
Onun sözlərinə görə, müxtəlif bəhanələrlə onun namizədliyini qeydə almaq istəmirdilər. Lakin bütün səylərindən və hüquqi əsaslandırmalarından sonra o, namizədliyinin qeydə alınmasına nail olub.