...

BİTƏRƏF NAMİZƏDLƏRƏ PULSUZ EFİR VAXTININ AYRILMASI TƏLƏB OLUNUR

Siyasət Materials 15 Sentyabr 2005 14:31 (UTC +04:00)

Parlament seçkisində iştirak edən bitərəf namizədlər üçün pulsuz efir vaxtı ayrılmalıdır. Trend in məlumatına görə, bu tələbi sentyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirən bitərəf namizəd Bakir Nəcəfov səsləndirib.

24 saylı Nizami birinci seçki dairəsindən namizəd olan B.Nəcəfov bildirib ki, parlament seçkisində iştirak edən namizədlərin pulsuz efir vaxtından istifadə etməsi ilə bağlı ayrıseçkiliyə yol verilir.

Onun fikrincə, pulsuz efir vaxtının yalnız 60-dan çox dairədə namizədi olan seçki blokları və siyasi partiyalara ayrılması bütün namizədlər üçün bərabər şərait yaradılması prinsipinə ziddir.

B.Nəcəfovun sözlərinə görə, bu ilki seçkidə mindən çox bitərəf namizəd iştirak edir və onların əksəriyyəti ziyalılar, alimlər, parlamentdə təmsil olunmağa layiq insanlardır. Amma onlar üçün telekanallarda pulsuz təbliğat imkanı olmadığından, bitərəf namizədlər öz fikirlərini, konsepsiyalarını seçicilərə çatdıra bilmirlər.

B.Nəcəfov, həmçinin, bir sıra məmur namizədlərin təbliğat kampaniyasında qanunsuzluğa yol verdiklərini, dövlətin pulundan öz reklamları üçün istifadə etdiklərini diqqətə çatdırıb. Özünün plakatlarının isə həmin dairədən olan rəqib namizədlərin adamları tərəfindən cırılıb yararsız hala salındığını iddia edib.

Xəbər lenti

Xəbər lenti