"Demokratik Azərbaycan" Seçki Bloku telekanallarda pulsuz efir vaxtının yalnız iki partiya və iki seçki blokuna verilməsindən narazıdır. Bu blokun həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Sabir Rüstəmxanlı Trend ə açıqlamasında bilidrib ki, onların Mərkəzi Seçki Komissiyasındakı (MSK) nümayəndəsi bu məsələni qaldıracaq.
S.Rüstəmxanlı hesab edir ki, pulsuz efir vaxtının yalnız 60-dan çox dairədə namizədləri qeydə alınan blok və partiyalara verilməsi ədalətsiz qərardır. "Məsələn, 55 dairədə namizədi olan blok da bu imkanı qazana bilərdi, amma cəmi 5 nəfər namizədin çatışmadığına görə belə vacib, əhəmiyyətli imkandan məhrum olur. Həmçinin seçkidə müstəqil namizədlərə də pulsuz təbliğat imkanı yaradılmır. Seçkidə iştirak edən bütün namizədlər arasında bərabərlik prinsipi gözlənilə bilərdi"-deyə S.Rüstəmxanlı bildirib. VHP sədri həmçinin hesab edir ki, seçkinin iştirak edən namizədlərin telekanallarda pulsuz təbliğat aparması ilə bağlı qərara yenidən baxılması hələ də gec deyil.
Onun fikrincə, əgər istək olarsa, bunu reallaşdırmaq mümkündür.