"Əgər seçkilər şəffaf keçirilməzsə, Milli Məclisin qarşısında mitinq keçirəcəyik". Bu barədə Trend ə Vətəndaş Cəmiyyəti Qurucuları (VQC) seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Yaşar Cəfərli bildirib.
Y.Cəfərli qeyd edib ki, bu məsələ artıq blokun təsisçiləri arasında müzakirə edilib və müsbət qərar çıxarılıb: "Yerlərdə namizədlərimizə qarşı göstərilən münasibət ondan xəbər verir ki, seçkilər şəffaf keçirilməyəcək. Buna görə də indidən qüvvəmizi noyabrın 7-ə toplayırıq. Ən əzəmətli mitinqimizi həmin gün parlamentin qarşısında keçirəcəyik".
VQC-nin mərkəzi seçki qərargahının rəhbəri onu da bildirib ki, onlar hələlik "Azadlıq" bloku kimi digər ünvanlara iddialı deyil. "Qələbə"yə sığdıqlarını deyən Y.Cəfərli əgər sıraları genişlənərsə, digər yerlərdə mitinqlər keçirəcəklərini də istisna etməyib: "İnanırıq ki, seçkiyə qədər blokumuza digər siyasi qüvvələr də daxil olacaq. Onda bizə "Qələbə" dar gələcək".