...

ƏLİ HƏSƏNOV: HAKİMİYYƏT QANUNSUZ AKSİYALARIN QARŞISINI ALMAQDA QƏRARLIDIR

Siyasət Materials 26 Sentyabr 2005 20:33 (UTC +04:00)

"Hakimiyyət izacə verilməyən hər bir aksiyanın qarşısını almaqda qərarlıdır. Biz Azərbaycanı xaos, anarxiya dövrünə qaytarmaq fikrində deyilik. Hakimiyyətin mövqeyi budur ki, müxalifətin seçkiqabağı bütün təbliğat-təşviqat işlərinə şərait yaratmaqla bərabər, eyni zamanda onların "qaydasız oyun" şərtlərini də qəbul etməyəcəyik. Qanunsuz keçirilən tədbirlərin də qarşısını alacağıq". Trend in məlumatına görə, bu fikirləri KİV-lərə açıqlamasında Prezident Aparatı ictimai siyasi şöbənin müdiri Əli Həsənov bildirib.

O, qeyd edib ki, indiki hakimiyyət xalqdan mandat alarkən qarşısına bir məqsəd qoyub: Azərbaycan dövlətçiliyini, vətəndaşların həyatını, təhlükəsizliyini qorumaq: "Bunlara görə, həmçinin Azərbaycanın imicinin qorunması məsələsinə görə də biz məsuliyyət daşıyırıq. Lakin hər bir dövlət imic xatirinə dövlətin qanunlarına əl qaldırılmasına, daxildə sabitliyin pozulmasına göz yuma və dövlətin təhlükə qarşısında qalmasına şərait yarada bilməz. Biz öz məsuliyyətimizi dərk edirik və qanuni tədbirin qarşısı alınırsa, məsuliyyət bizim üzərimizdə qalır, əgər qeyri-qanuni hərəkətlərin qarşısını alırıqsa, məsuliyyət müxalifətçilərin üzərinə düşür"-deyə Ə.Həsənov qeyd edib.

O, əlavə edib ki, baş verə biləcək qarşıdurmalar istənilən halda Azərbaycanın beynəlxalq aləmdə imicinə ziyandır. Həm də xaricdə elə qüvvələr mövcuddur ki, Azərbaycanda mütləq qarışıqlıq olmasını istəyir, ölkəmizin günü-gündən artan imicinə qarşı istifadə etməyə çalışırlar: "Müxalifət də bu hadisələri iqtidarın günahı kimi qiymətləndirib geniş təbliğat aparacaq və bu da sonda Azərbaycanın imicinə kölgə salacaq"-deyə Prezident Apparatı rəsmisi vurğulayıb.

Ə.Həsənovun sözlərinə görə, ATƏT-in Bakı Ofisinin rəhbəri Maurisio Pavesi də görüşdən sonra hakimiyyət nümayəndələrinə deyib ki, qarşıdurmalar yaranmaması və müxalifətçilərin bəhanələrini kəsmək üçün onlara istədikləri meydanların birində aksiya keçirmələrinə şəharit yaradılmalıdır: "Hamı, o cümlədən beynəlxalq təşkilatlar da görür ki, "Azadlıq" bloku qarşıdurma yaratmağa meyllidir. Bunun üçün çadırlar gətirirlər, adamları səfərbər edirlər, seçkiyə yox, seçkidən sonrakı hadisələr hazırlaşırlar. Buna görə də Maurisio Pavesi xahiş etdi ki, həmin meydanlarla bağlı bir daha təhqiqat aparılsın, bəlkə bu marşrutlardan birini onlara vermək mümkün oldu".

Xəbər lenti

Xəbər lenti