"Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ya tutduğu vəzifədən, ya da Bakı Dövlət Universitetində (BDU) kafedra müdirliyindən istefa verməlidir". Trend xəbər verir ki, bu bəyanatla həmin seçki dairəsində namizədliyi qeydə alınan Akif Nağının seçki qərargahının sədri Tahir Məmmədli çıxış edib.
Bəyanatda bildirilib ki, A.Məhərrəmov seçki kampaniyasını ciddi qanun pozuntuları ilə aparır. Bu şəxs BDU-nun rektoru vəzifəsindən məzuniyyətə çıxmasına baxmayaraq universiteti özünə seçki qərargahı edib.
"MSK sədri M.Pənahov A.Məhərrəmovun rektoru olduğu ali məktəbdə kafedra müdiri olduğundan namizədə köməklik göstərir" - deyə bildirilən bəyanatda daha sonra qeyd olunur ki, bütün bunlar A.Məhərrəmovun namizədliyinin ləğv olunması üçün əsaslardır.
Bununla bağlı A.Nağının seçki qərargahının rəhbəri T.Məmmədli MSK sədri M.Pənahova, MSK katibi V.Mahmudluya və 16 saylı Yasamal ikinci seçki dairəsinin sədri S.Seyidzadəyə müraciət edib.
MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev isə Trend ə bildirib ki, M.Pənahov BDU-da ictimai əsaslarla işləyir: "MSK sədrinin heç bir namizədə kömək etməsi ilə bağlı fakt yoxdur. T.Məmmədlinin gətirdiyi faktların hamısı məntiqsiz və əsassızdır".